Xəbər lenti

Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı (FOTO)
Siyasət 15:34 09.07.2026

Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı (FOTO)

Məlumdur ki, tarixi prosesləri siyasətçilər yox, tarixçilər araşdırmalıdır. Keçmişdə baş verən, xüsusən də təkzibedilməz faktlara əsaslanmayan hadisələr gündəlik maraqlar üçün alətə çevrildikdə tarix yerini miflərə verir. Siyasiləşdirmə elmi araşdırmaları manipulyasiya ilə əvəz edir, tərəfdaş ölkələrlə ziddiyyətlər yaradır və həqiqətin üzə çıxmasına mane olur.

Qaynarinfo xəbər verir ki, bu barədə Haqqın.az-da dərc edilən məqalədə qeyd olunub. Bildirilib ki, eyni vəziyyət İsrail hökumətinin Osmanlı imperiyasında baş vermiş 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımaq istiqamətində atdığı kəskin addım zamanı da təkrarlanıb.

İyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülən "Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında ermənilərin kütləvi qətllərinin soyqırımı olaraq tanınması" təşəbbüsünə dəstək verdi. Bu qərar İsrail və Türkiyə arasında münasibətlərin davamlı şəkildə pisləşməsi fonunda atılan növbəti addım idi.

İsrail hökumətinin bu təşəbbüsü Azərbaycan tərəfi üçün gözlənilməz və xoşagəlməz hal oldu. Dövlətlərimiz arasındakı sıx tərəfdaşlıq əlaqələrini, eləcə də Türkiyə-İsrail münasibətlərinin bərpasında Azərbaycanın vasitəçilik rolunu nəzərə alsaq, Bakının əvvəlcədən məlumatlandırılmaması diqqət çəkdi. İsrail tərəfinin bu qərarı ölkəmizi fakt qarşısında qoydu. Dövlətlərarası münasibətlərin xarakteri fonunda İsrail tərəfindən Azərbaycanın maraqlarının və narahatlıqlarının nəzərə alınmaması sürpriz oldu. Təl-Əviv Ankara ilə münasibətlərdəki gərginlik səbəbindən bu təşəbbüsün Azərbaycan-Türkiyə xüsusi əlaqələri fonunda Azərbaycan cəmiyyətində yaradacağı reaksiyanı, həmçinin Azərbaycan-İsrail münasibətlərinə verə biləcəyi təsirləri düzgün hesablamamışdı.

Azərbaycan İsrailin bu cəhdinə reaksiya verən ilk və yeganə dövlət oldu. İyunun 29-da Azərbaycanın xarici siyasət idarəsi bəyanat yayaraq, İsrail hökumətinin "erməni soyqırımı"nı tanımaq qərarını kəskin şəkildə pislədi və rəsmi Təl-Əvivi bu addıma yenidən baxmağa açıq şəkildə çağırdı.

"İsrail hökumətinin qondarma erməni soyqırımı ilə bağlı qərarı ciddi narahatlıq doğurur. 1915-ci il hadisələri ilə bağlı tarixi faktların təhrif edilməsi, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan kənarda siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu cür addımlar sülh və qarşılıqlı anlaşmaya deyil, mövcud ixtilafların daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışın təmin edilməsi səylərinə mane olur. İsrail hökumətini bu qərara yenidən baxmağa çağırırıq", - deyə Azərbaycan XİN-in bəyanatında qeyd edilirdi.

Nazirlik vurğulayıb ki, Azərbaycan tarixi gerçəkliklərin qorunması, beynəlxalq hüquq normalarına hörmət edilməsi və regionda davamlı sülhün təşviqi ilə bağlı mövqeyinə bundan sonra da sadiq qalacaq.

Bəyanatın üslubu özlüyündə çox mənalı idi. Bu, heç kimə fayda gətirməyəcək əsassız siyasi gedişlər etməkdən dostları çəkindirən bir xəbərdarlıq tənqidi idi.

İsrail hökuməti Gideon Saarın "Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında ermənilərin kütləvi qətllərinin soyqırımı kimi tanınması" təşəbbüsünü dəstəklədi. Bu təşəbbüs Azərbaycan tərəfi üçün xoşagəlməz bir sürpriz oldu.



Tarixə qısa baxış

Yeri gəlmişkən, Knesset "erməni soyqırımı"nın tanınmasını irəli sürmək üçün dəfələrlə cəhdlər etmişdi. Uzaq keçmişə getmədən, daha yaxın dönəmin nümunələrinə diqqət yetirək.

2012-ci ildə Knessetin Təhsil, mədəniyyət və idman komissiyası "erməni soyqırımı"nı tanıdı, lakin bu qərar tövsiyə xarakteri daşıyırdı və qanunvericilik aktına çevrilmədi.

2018-ci ildə müxalif "Merets" partiyası 1915-ci il hadisələrinin "erməni soyqırımı" olaraq tanınmasına dair qanun layihəsi təqdim etdi, lakin Knessetin hökumət koalisiyası bunun qarşısını aldı. Daha sonra lazımi dəstəyin olmaması səbəbindən layihə təşəbbüskarlar tərəfindən geri götürüldü.

2000-ci və 2010-cu illərdə müxtəlif fraksiyaların deputatları (o cümlədən İsrailin gələcək prezidenti Reuven Rivlin və Netanyahunun hazırkı kabinetinin üzvü Zeev Elkin) tərəfindən dəfələrlə qanun layihələri irəli sürülür və parlament dinləmələri keçirilirdi. Lakin bu addımlar təsdiqlənmir və ya hökumət tərəfindən bloklanırdı. Çünki hökumət tanınma qərarının yalnız Türkiyə ilə deyil, Azərbaycanla da münasibətlərin korlanmasına səbəb olacağını anlayırdı.

2018-ci ildə "Merets" deputatı Tamar Zandberq tərəfindən irəli sürülən oxşar qanun layihəsi faktiki olaraq ləğv edildi - koalisiya əvvəlcə səsverməni Türkiyədəki seçkilərə qədər təxirə saldı, daha sonra isə əvvəlki vədlərinə rəğmən, ümumiyyətlə keçirməkdən imtina etdi.

Benyamin Netanyahunun 2025-ci ilin avqustunda "soyqırımı"nı şəxsən tanıması barədəki bəyanatları da dövlət mövqeyi ilə eyniləşdirilmədi. Onun siyasi rəqibləri belə bildirdilər ki, müsahibə zamanı səsləndirilən şifahi fikir parlamentin qərarını əvəz edə bilməz.

Yeri gəlmişkən, bir xarakterik detala da toxunaq. Bir neçə il əvvəl Knessetin iclasında "erməni soyqırımı"nın tanınması məsələsini qaldıran həmin Elkin jurnalistlərə müsahibəsində bildirmişdi ki, İsraildə müəyyən tarixi hadisələrin yozumu ilə bağlı məsələlərin siyasi qərar səviyyəsinə çıxarılmaması kimi bir ənənə var.

"Məsələn, erməni xalqının "soyqırımı"nın tanınması. İsraildə bu mövzu parlamentdə bir neçə dəfə müzakirə edilib, lakin bütün Qərb parlamentlərinin bu barədə bəyannamə qəbul etməsinə baxmayaraq, bizdə heç vaxt belə bir qərar verilməyib. İsrail parlamenti hesab edir ki, keçmişlə bağlı məsələlər siyasətçilər tərəfindən deyil, peşəkar diskursun bir hissəsi kimi mütəxəssislər tərəfindən həll edilməlidir", - deyə Elkin vurğulamışdı.

Buna baxmayaraq, bu ilin iyun ayında İsrail hökuməti ənənələri dəyişmək qərarına gəldi.



Etiraz və səmərəlilik

Əldə olan məlumatlara görə, Azərbaycanın birmənalı və prinsipial mövqeyi ölkəmizlə münasibətlərin inkişafına cavabdeh olan İsrail rəsmiləri arasında geniş əks-səda doğurub. Bakının mövqeyi Azərbaycanın bir sıra dövlət qurumlarının nümayəndələri tərəfindən İsraildəki müvafiq tərəfdaşlarının diqqətinə də çatdırılıb. Bu təmaslar zamanı İsrailin təşəbbüsünün son dərəcə mənfi və qeyri-konstruktiv xarakter daşıdığı, İsrail üçün heç bir fayda vermədiyi və qəbul ediləcəyi təqdirdə təkcə Türkiyə ilə deyil, Azərbaycanla da əlaqələrə ziyan vuracağı xüsusilə vurğulanıb.

Bakı ictimai şəkildə ciddi narahatlığını ifadə etdikdən sonra bir çox israilli mütəxəssislər və media mənsubları Nazirlər Kabinetinin qərarının beynəlxalq hüququn anladığı mənada hələ tam bir tanınma olmadığını xüsusi qeyd etməyə tələsdilər. İsrailin ən praqmatik ekspertləri və jurnalistləri yerli mətbuatda faktiki olaraq Azərbaycan tərəfinin əsas tezislərinə söykənən silsilə məqalələr dərc etdilər. Məsələn, Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) prezidenti, İsrail-Türkiyə münasibətləri üzrə mütəxəssis professor Efraim İnbar "Kol Barama" radiostansiyasına müsahibəsində hökumətin qərarını İsrail üçün diplomatik fəsadlar yarada biləcək "uşaqcasına və cılız bir səhv" adlandırıb. O bildirib ki, görünür, bu qərar "türklərə zərbə vurmaq" cəhdidir, lakin nəticədə bu, İsrailin dərin strateji tərəfdaşlığa malik olduğu və strateji aktiv kimi qiymətləndirdiyi Azərbaycanla münasibətlərə xələl gətirə bilər.

Öz növbəsində, İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən yazırdı ki, İsrail "erməni soyqırımı"nın tanınması üçün çox uğursuz bir vaxt seçib və dövlət bu qərardan heç nə qazanmayacaq...

Qeyd etmək lazımdır ki, bu təşəbbüsün əleyhdarları və Azərbaycanın mövqeyini dəstəkləyənlərin dairəsi yalnız bir qrupla məhdudlaşmırdı və İsrailin daxili siyasətinin və dövlət aparatının bütün spektrini (sağçılar, solçular, dünyəvilər, dindarlar, hərbçilər və s.) əks etdirirdi. Azərbaycan tərəfi, təbii ki, onun ağlın səsinə qulaq asmaq və düşünülməmiş, geridönüşü olmayan hərəkətlərdən çəkinmək çağırışını dəstəkləyən bütün sağlam düşüncəli qüvvələrə minnətdardır.

Görülən tədbirlər nəticəsində təşəbbüsü tormozlamaq və faktiki olaraq ləğv etmək mümkün oldu. Üstəlik, onun hüquqi və siyasi müstəvidə İsrailin hökumət və parlament səviyyəsində gələcək inkişaf variantlarının qarşısı alındı.

Azərbaycan İsrailin bu təşəbbüsünə reaksiya verən ilk və yeganə ölkə oldu. XİN İsrail hökumətinin "erməni soyqırımı"nı tanımaq qərarını kəskin pisləyən və İsrail tərəfini bu qərara yenidən baxmağa açıq şəkildə çağıran bəyanatla çıxış etdi.
 
 

Tənqidçilər üçün soyuq duş

Azərbaycanın bu vəziyyətdə yürütdüyü siyasət son illər, xüsusən də 2023-cü il oktyabrın 7-dən sonra "Bakının israilyönümlü siyasəti" tezisini fəal şəkildə inkişaf etdirən bəzi dairələrə, o cümlədən Türkiyədəki müəyyən qüvvələrə tutarlı bir cavabdır. Axı Azərbaycan (Türkiyənin özündən başqa) bu təşəbbüsə açıq və prinsipial şəkildə qarşı çıxan yeganə ölkə oldu. Hətta İsrailə qarşı çıxmaq və Türkiyəni dəstəkləmək üçün hər cür əsası olan Fələstin belə erməni məsələsində susmağa üstünlük verdi. Türkiyəyə qarşı yönəlmiş bu zərbənin qarşısı müstəsna olaraq Azərbaycanın yaxın tərəfdaşları ilə şaxələndirilmiş əlaqələrin inkişafı üzrə davamlı və uzunmüddətli strategiyasına əsaslanan səyləri və siyasi çəkisi nəticəsində alındı.

Azərbaycanın bu şəraitdəki davranışı dürüst tərəfdaş imicini tam doğruldur: açıq, prinsipial və vicdanla hərəkət etmək, həqiqəti söyləmək və başqaları susur deyə kənara çəkilməmək. Bu epizod Bakının eyni vaxtda həm dost ölkələrlə fikir ayrılığını ifadə etmək, bunu kəskin gedişlər etmədən reallaşdırmaq, həm də onlarla qarşılıqlı faydalı əlaqələri qoruyub-saxlamaq bacarığının əyani sübutu oldu. Çox güman ki, bu təmkinlilik, açıqlıq və qətiyyət İsrailin bütün siyasi elitası tərəfindən də qiymətləndirilib.

İsraildə "erməni soyqırımı"nın tanınmasının dayandırılması ilə bağlı vəziyyət göstərdi ki, son altı ildə "Orta güc" (Middle Power) kateqoriyasına yüksələn Azərbaycanın mövqeyi bu gün həssas regional məsələlərin həllində həlledici rol oynayır. Bir vaxtlar beynəlxalq ictimaiyyətdən dəstək axtaran Bakı bu gün artıq təkcə öz maraqlarını deyil, həm də dost və tərəfdaşlarının maraqlarını müdafiə etmək - bunu edərkən geniş, şaxələndirilmiş kanallar şəbəkəsi vasitəsilə fəaliyyət göstərmək və səmərəli nəticələr əldə etmək iqtidarındadır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->