Bakıda mövcud vəziyyət fonunda nəqliyyat sıxlığının artması ilə bağlı ali məktəblərdə distant təhsildən müvəqqəti istifadə ilə bağlı fikirlər səsləndirilir. Universitetlərin bir-biri ilə kordinasiyası ilə tələbə və müəllim heyətinin müəyyən müddət ərzində mərhələli şəkildə distant təhsilə keçirilməsi təklif edilir.
Bəs mövcud vəziyyətdə bu mümkündürmü? Hazırda universitetlərdə hibrid təhsil hansı effekti verər?
Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, gələcəyin təhsil modeli hibrid təhsilə əsaslanacaq:
“Ümumiyyətlə, fors-major hallar oldu, olmadı, distant təhsili yaradan səbəblər oldu, olmadı, biz distant və digər adı ilə hibrid təhsilə tam hazır olmalıyıq. Dövrün, gələcəyin təhsili hibrid təhsildir.
Sürət əsri, hər şeyin süni intellekt alətləri ilə idarə olunduğu və bundan sonra daha müfəssəl şəkildə idarə oluna biləcəyi bir zaman dilində süni intellekt zamanla çox fərqli bir kontekstə çevriləcək. Gələcək təhsilin hibrid təhsilə çevrilməsinin, hibrid təhsilin gələcəyin əsas təhsil variantı olmasının əsas səbəbi də məhz zamanın verdiyi diqtədir”.
Ekspert qeyd edib ki, Azərbaycanda distant və hibrid təhsil yalnız müəyyən problemlər yarandıqda xatırlanır:
“Biz bunu xüsusi nəzarətdə, diqqətimizdə saxlamalıyıq. Çox təəssüf ki, biz distant təhsil, hibrid təhsil kimi məsələləri yalnız hər hansı bir problem yaşananda – deyək ki, dörd-beş il əvvəl COVID-19-la rastlaşanda, sonra qışda qar yağanda, indi də beynəlxalq yarışmalar olanda və yollarda ciddi tıxac problemi yarananda yada salırıq, toxunuruq.
Distant təhsil fors-major halların təhsili deyil. Hibrid təhsilin əsas vacib aqreqatlarından biridir. Hibrid- qarışıq deməkdir, həm onlayn, həm də ənənəvi təhsili özündə formalaşdırır. Dünyanın bir çox ölkələri artıq buna gedir. Biz də artıq hibrid təhsilə, xüsusilə ali təhsil məsələlərini keçirmək üçün bu kimi halları – uzun tıxac, fors-major situasiyaları gözləməməliyik və düşünməliyik. Universitetlərimiz bu barədə düşünməlidirlər, çünki gələcək buna doğru gedir”.

Elmin Nurinin sözlərinə görə, hazırkı müzakirələrdə əsas məsələ distant təhsilin tətbiq edilib-edilməməsi deyil, bu sistemin Azərbaycanda nə dərəcədə hazır olmasıdır:
“Gəldik məsələnin indiki situasiya ilə əlaqəli hissəsinə. Məsələ bu kimi qərarın verilib-verilməməsində deyil. Məsələ tıxacların azaldılmasına yönəlik, sıxlığın seyrəlməsinə istiqamətlənmiş qərarda deyil. Məsələnin digər tərəfi də var.
Ümumiyyətlə, bizdə distant təhsilin proqramı, fəlsəfəsi, mexanizmi varmı? Bizdə distant təhsilin mexanizmi yoxdur. Bizimki distant təhsil deyil. Bizimki sadəcə məcburiyyət qarşısında məsafədən təhsil elementindən yararlanmaqdır”.
Ekspert distant təhsildə müəllimlərin xüsusi hazırlıq keçməsinin vacibliyini vurğulayıb:
“Distant təhsilin özünün xüsusi kurs keçmiş müəllimləri olmalıdır. Onlar monitor ətrafında auditoriyanı idarə etməyi, informasiyaları necə göndərməyin düsturlarını bilməlidirlər. Bu, göründüyü qədər də asan mexanizm deyil. “Əlimdə nə var, distant təhsil keçirəm, mən də müəlliməm, keçirəm” demək deyil.
Onun xüsusi metodikası var. Bu gün bizim on minlərlə tələbəmiz distant təhsildədir. Məndə sual var: Onlara distant təhsil keçən müəllimlərin neçə faizi bu mexanizmi bilir, onu necə tətbiq edir, hansı dəqiqədə nə kimi hərəkət etməli olduğunu bilir?
Yəni monitorun o üzündə mən, bu üzündə tələbə anlayışı deyil bu. Mövzu ilə bağlı, onun izahı ilə bağlı marağı və diqqəti qoruyub saxlamaq, onlayn prosesi düzgün idarə etməyin modulları var. Bunu kim bilir, neçə faiz bilir?”
Elmin Nuri distant təhsilin mövcud vəziyyətini nəzərə alaraq mövcud situasiyada universitetlərin növbəli şəkildə distant təhsilə keçməsi ilə bağlı səsləndirilən fikirlərə müsbət yanaşmadığını bildirib:
“Bu təklifə gələndə isə, mən bunu müsbət qarşılamıram, çünki biz distant təhsilin mexanizmindən hələ ki uzağıq”.
Günay İlqarqızı
Şərhlər