Xəbər lenti

Sənət 14:18 16.04.2024

"Azərbaycan saray mədəniyyətində kişilərin belə rəqsləri olub, onlara "mütrüflər" deyərdilər"

Baletmeyster-xoreoqraf, balet artisti, Memar Sinan İncəsənət Universitetinin müəllimi Şəhriyar Cəfərov bəstəkar-müğənni Elza Seyidcahanın "bəzi məclislərdə kişilər ərəb, oriental rəqs oynayır, belə olmaz" iradına münasibət bildirib.
 
Rəqqas Qaynarinfo-ya açıqlamasında bildirib ki, ərəb folklor kişi rəqsi deyə bir rəqs növu var:
 
"Bu rəqs burcutma hərəkətlərindən ibarətdir. Ümumiyyətlə, rəqs sənəti musiqinin və ritimlərinin bədən plastikası ilə ifadəsidir. Ərəb musiqi ritmləri ifa tərzi budur - burcutma. Azərbaycan saray mədəniyyətində kişilərin o tərzdə rəqsləri olub, onlara "mütrüflər" deyərdilər. O dövrlərdə saray, əyləncə məclislərində qadınlarla yanaşı qadın libasında olan kişi rəqqaslar, "mütrüflər" var idi. Bu, danılmaz faktdır, Azərbaycan saray mədəniyyətinin bu tərz ifaları olub. Tək Azərbaycan saray mədəniyyəti də deyil, bütün şərq ölkələrində saray əyləncə məclislərində kişilərin oriental tərzdə rəqsləri olub. Sadəcə, bunu indi də təbliğ etmək çox da xoş qarşılanmır. Amma bu günlərdə Pakistanda, Suriyada, Əfqanıstanda bu tərzdə rəqqaslar var, onlar "baca bazlar" adlanır. Türkiyədə "Zənnə" dans və İran milli kişi rəqsi də o tərzdədir. Yəni yuxarıda qeyd etdiyim kimi o xalqların milli folklor musiqi tərzi, onların rəqslərində ifadə olunur. Azərbaycanın milli kişi və xanım rəqqaslarımız öz musiqilərimizi ifadə etməlidir. Amma dediyim kimi, saray mədəniyyəti başqadır, Azərbaycan xalq milli rəqsi başqa". 

Şəhriyar Cəfərov qız uşaqlarının oğlansayağı "Tərəkəmə" rəqsi oynamasından da danışıb:

"Rəzil bir görüntüdür. Burada uşağın günahı deyil, günah ona bu tərz hərəkət yığımının öyrədən savadsız müəllimdədir. Bəlli ki, "müəllim"in özü özfəaliyyət olduğu üçün yanlız toy tərzində olan kişi rəqs hərəkətlərini bilir, xanımlara aid milli rəqs elementlərindən xəbərsizdir. Bildiyi nədirsə, uşaqlara da onu öyrədir. Burada ikinci günah da uşağın valideynlərindədir. Uşagına rəqs sənətini aşılamaq istəyirsənsə, peşəkar müəllimə müraciət etməlidirlər. Valideyn görmür ki, uşağa yaraşmayan rəqs hərəkətləri ifa olunur? Bəs, bu verlişin layihə rəhbəri, redaktoru, rejissoru bu tərz ifanı neçə kütləvi nümayişlər çıxara bilirlər? Bu onun göstəricisidir ki, o verlişə cavabdeh olan şəxslərdə bu mövzuda savadsızdırlar, nəyin və kimin kütləvi nümayişə, efirə çıxacağını dərketmə problemləri var". 

Qeyd edək ki, verilişlərin birində bəstəkar-müğənni Elza Seyidcahan qız uşaqlarının oğlansayağı rəqs etməsi ilə bağlı irad bildirib. Bəstəkar onu da əlavə edib ki, bu gün məclislərdə oğlanlar ərəb, oriental rəqs edir. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?