Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb.
Qaynarinfo “Supercar Blondie” nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxacları tez-tez böyük miqyaslara çatsa da, həmin hadisə özünəməxsusluğu ilə seçilib.
Hadisə 14 avqust 2010-cu ildə başlayıb. Nəqliyyat Hebey əyaləti ilə Daxili Monqolustan sərhədi yaxınlığından keçən G110 avtomagistralı ilə hərəkət edib.
Ciddi nəqliyyat probleminin əsas səbəbi magistralda yük maşınlarının həddindən artıq çox olması olub. Buna yolun buraxılış qabiliyyətini iki dəfə azaldan çoxsaylı yol təmiri işləri də əlavə olunub. Nəticədə magistral həddindən artıq yüklənib.
Qiymətləndirmələrə görə, nəqliyyatın intensivliyi yolun layihə üzrə buraxılış qabiliyyətini 60 faiz üstələyib. Buna görə də magistralda hərəkətin demək olar ki, tamamilə dayanması təəccüblü olmayıb.
Bir çox sürücü gün ərzində cəmi 1 kilometr irəliləyə bildiklərini bildiriblər. Nəticədə dünyanın ən böyük avtomobil tıxaclarından biri 12 gün davam edib və təxminən 96 kilometr məsafəyə uzanıb. Boş vaxtlarını səmərəsiz keçirməmək üçün sürücülər yatıb, gəzintiyə çıxıb və şahmat kimi oyunlar oynayıblar.
Sürücülər üçün vəziyyət olduqca çətin olsa da, magistralın yaxınlığında yaşayan yerli sakinlər tıxacda qazanc əldə etmək imkanı görüblər.
Sakinlər hazır əriştə və siqaret kimi məhsulları sürücülərə olduqca baha qiymətə satıblar. Adətən 1 yuana (15 sent) satılan bir şüşə suyun qiyməti 10 yuana (1,50 dollar) qədər yüksəlib.
Avqustun 26-dək tıxac demək olar ki, aradan qalxıb. Hakimiyyət nəqliyyat şirkətlərindən yük daşımalarını dayandırmağı və ya alternativ marşrutlardan istifadə etməyi xahiş edib. Həmçinin yolda olan daha çox sayda yük maşınının gecə saatlarında Pekinə daxil olmasına icazə verilib.
Aydın
Şərhlər