Xəbər lenti

Azərbaycan son iki həftədə: Faktlar nəyə işarədir?
Siyasət 14:29 17.10.2025

Azərbaycan son iki həftədə: Faktlar nəyə işarədir?

(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb.) 

Son iki həftə ərzində Azərbaycan bir sıra mühüm tədbirlərdə aktiv iştirakı ilə yadda qalıb. Belə ki, qısa zaman kəsiyində Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Siyasi Şurasının iclasında, ardınca Türk Dövlətləri Təşkilatı liderlərinin Qəbələ sammitində, habelə Düşənbədə MDB dövlət başçılarının toplantısı və nəhayət Misirdə Yaxın Şərq üzrə sammitdə iştirak edib. 

Onu da qeyd edək ki, Azərbaycan tərəfi həmin tədbirlərdə iştirak etməklə kifayətlənməyərək, eyni zamanda, dünyanın, regionun çiçəklənməsinə xidmət edəcək bir sıra təkliflərlə də çıxış edib. Bütün bunlar isə Azərbaycanın dünya miqyasında nüfuzunun daha da artdığının göstəricisi sayıla bilər. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib ki, son 10 gün içində Azərbaycan prezidentinin iştirak etdiyi beynəlxalq tədbirlər yüksək səviyyəli olmaqla yanaşı, eyni zamanda, dünyanın taleyini bu və ya digər dərəcədə həll edən tədbirlərdir:
 


"Azərbaycan bu tədbirlərdə iştirak etməklə kifayətlənməyərək, həm də öz konstruktiv məsləhətlər və proqramları ilə ona müəyyən istiqamətlər də verdi. Bu da ölkəmizin iştirak etdiyi tədbirlərdə aktiv iştirakçı olduğunun göstəricisidir. TDT-nin Qəbələ sammiti, Düşənbədə MDB liderlərinin sammiti, Avropa İttifaqı Siyasi Şurasının məsləhətləşmələri, Misirdəki Yaxın Şərq üzrə toplantı ölkəmizin gələcək inkişafı, nüfuzunun artmasında, dünya dövlətlərilə birlikdə siyasət yeritməsində mühüm rol oynadı".

Ekspertə görə, Azərbaycan qlobal səviyyəli aktora çevrilib: 

"Bunlar Azərbaycanın son dövrlər təkcə regional deyil, həmçinin qlobal problemlərin həlli sahəsində də sözünü dediyinə, töhfəsini verdiyinə işarədir. Azərbaycana olan münasibət hazırda yaxşı mənada dəyişib. Dünənə qədər ölkəmizə yuxarıdan baxanlar indi ölkəmizlə bir yerdə olmağa, iş görməyə, hətta öz tərəflərinə çəkməyə can atırlar. Bu da Azərbaycanın qlobal səviyyəli aktora çevrildiyinin göstəricisidir. Bütün bunlar da erməni işğalçıları üzərində qələbədən sonra mümkün oldu. Bu amil ölkəmizin beynəlxalq aləmdə ciddi rol oynamasına şərait yaratdı. Gələcəkdə dünyanı gözləyən problemlərin həllində Azərbaycanın rolunun daha da artacağını gözləyirik. Çünki Azərbaycanın gələcəyi parlaqdır".

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->