Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən ikinci məqaləni təqdim edirik: "Azərbaycan dövləti".
Azərbaycan Konstitusiyasının ən əhəmiyyətli maddələrindən biri də VII maddədir. Həmin maddə "Azərbaycan dövləti” adlanır. Maddənin ilk bəndində deyilir: "Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”.
Gəlin, bir yerdə demokratik, hüquqi, dünyəvi və unitar sözlərinin mənasını aydınlaşdıraq. Konstitisiyalarda, eləcə də qanunlarda hər sözün öz tutumu, öz əhəmiyyəti var. Heç bir söz təsadüfən gəlib ora düşə bilməz. Ya da heç bir söz ikimənalı şəkildə qavramıla, anlaşıla bilməz. Qanunların və əsas qanunin dili birmənalıdır.
Başlayaq demokratiya sözündən. Demokratiya yunan dilində "xalq hakimiyyəti" mənasını verir. Bu da o deməkdir ki, Azərbaycan dövlətində prezident, parlament üzvləri demokratik seçki nəticəsində seçilirlər. Başqa cür desək, xalq dövlətin idarə edilməsini yalnız və yalnız öz seçdiyi şəxslərə etibar edir. Konstitusiyamızın VI maddəsinin II bəndi isə hakimiyyətin mənimsənilməsini xalqa qarşı ən ağır cinayət hesab edir.
İndi isə hüquqi sözünə diqqət edək. VII maddənin II bəndi hüquq sözünü bu cür izah edir: "Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır”. Bu, o deməkdir ki, dövlət daxili məsələlərdə ancaq hüquqa əsaslanmalıdır. Bu hüququ yəni qanunları da xalqın seçdiyi parlament qəbul edir. Göründüyü kimi, dövlət idaretməsi tamamilə qanunlara tabedir və qanunlarla məhdudlaşır.
Dünyəvi sözünü izah etmək üçün isə tarixə baxmaq gərəkdir. Tarixdən bildiyimiz kimi keçmişdə bir çox dövlətlərdə dövlət və din yanaşı olmuşdur. Hökmdar Tanrını Yer üzərindəki kölgəsi kimi qəbul edilirdi. Dövlət cəmiyyəti dini əsaslarla idarə edirdi. Müasir dövlətlərdə isə din dövlətdən ayrıdır. Doğrudur, indinin özündə də bəzi dövlətlər mövcuddur. Ancaq mütərəqqi dünya çoxdan din və dövlət işlərini bir-birindən ayırıbdır. Konstititusiyamızın 18-ci maddəsinin 3-cü bəndi də dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını bildirir.
Cümlədəki son söz olan unitara gəldiksə isə... Unitar sözü llatın dilində "unus" - "vahid", "tək" deməkdir. Bu da dövlətin vahid mərkəzdən idarə edildiyini ifadə edir. Dünyada əsasən iki dövlət quruluşu mövcuddur: Unitar və federativ. Federativ ölkələrə misal kimi, ABŞ, Rusiya, Almaniyanı göstərmək olar. Bu dövlətlər vahid mərkəzdən idarə edilsələr də, müxtəlif ştat, əyalətlərdn ibarətdir. Hər bir əyalət bir çox məslələrdə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir. Unitar ölkələr isə bütövlükdə vahid mərkəzdən idarə olunur. Azərbaycanla yanaşı, Çin, Yaponiya, Fransa kimi ölkələr unitardır.
Sonda isə VII maddənin ilk bəndini bir daha təkrarlayaq və yadımızda saxlayaq: : "Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”.
Müəllif: Tural Cəfərov
Şərhlər