Qadınların məşğulluğu və onların iqtisadi-sosial inkişafda rolunun daha da artırılması prioritet məsələlərdəndir. Hazırda ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 mindir.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Millət vəkili bildirib ki, Azərbaycanda qadınların ən çox çalışdığı sektor təhsildir:
"Hazırda əmək müqaviləsi ilə çalışan qadınlarımızın sayı 722 147 nəfərdir. Onun 242 801 nəfəri təhsil sektorunda çalışır. Bu, ümumi muzdlu qadın işçilərin 33.6 faizi deməkdir. Bu, eyni zamanda o deməkdir ki, əmək müqaviləsi ilə çalışan hər 3 qadından 1-i təhsil sferasında işləyir”.
Deputat vurğulayıb ki, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi qadınlarımın üstünlük verdiyi ikinci ən böyük sektordur:
"Ümumi payda 16.2 faiz ilə bu sferada 116 976 qadın vətəndaşımız çalışır. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Burada 95 566 qadın vətəndaşın əmək müqaviləsi qeydiyatdan keçib”.
V.Bayramov əlavə edib ki, qadınların orta aylıq əmək haqqısına gəldikdə isə, ən yüksək maaş mədənçıxarma sənayesində təklif edilir:
"Burada qadın işçilərin orta maaşı 2 915 manatdır. Daha sonra maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadın vətəndaşların orta aylıq maaşı gəlir 1 813 manatdır. Burada ilk üçlüyü informasiya və rabitə sektoru tamallayır: 1 353 manat. Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı 731 manatdır. Hazırda qadınların orta aylıq maaşı kişilərin orta əmək haqqısının 68.9 faizinə bərabərdir. Qlobal olaraq bu nisbət 77-80 faizdir”.
Şərhlər