Xəbər lenti

Dünya 12:38 07.03.2026

"NBC News": Tramp ABŞ qoşunlarının İrana yeridilməsini nəzərdən keçirir

ABŞ prezidenti Donald Tramp şəxsi söhbətlərdə ABŞ quru qoşunlarının İran ərazisində yerləşdirilməsi ideyasına ciddi maraq göstərdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə administrasiyadakı daxili müzakirələrdən xəbərdar olan bir neçə amerikalı rəsmi və mənbə "NBC News"a məlumat verib.

Onların sözlərinə görə, Tramp köməkçiləri və Respublikaçılar Partiyasının nümayəndələri ilə söhbətlər zamanı İran üçün mümkün müharibədən sonrakı ssenarini təsvir edib. Söhbət genişmiqyaslı işğaldan deyil, konkret strateji məqsədlərə nail olmaq üçün istifadə oluna biləcək kiçik ABŞ hərbi kontingentindən gedib.

Mənbələr bildirir ki, prezident hələ yekun qərar qəbul etməyib və quru qoşunlarının yeridilməsi ilə bağlı heç bir göstəriş verməyib. Lakin şəxsi müzakirələr onun bu variantı ictimai açıqlamalarında göründüyündən daha ciddi şəkildə nəzərdən keçirdiyini göstərir.

Ağ Evin mətbuat katibi Karolin Levitt isə bildirib ki, yayılan məlumatlar anonim mənbələrin ehtimallarına əsaslanır: "Prezident Tramp həmişə bütün variantları açıq saxlayır. Lakin onun hansısa konkret variantı dəstəklədiyini iddia edən hər kəs əslində danışıqlar masasında real yerinin olmadığını göstərir".

Pentaqonun məlumatına görə, müharibə başlayandan bəri İranın əks-hücumları nəticəsində altı amerikalı hərbçi həlak olub, daha 18 nəfər isə yaralanıb.

Mənbələrin sözlərinə görə, Tramp həmçinin hakimiyyət dəyişikliyindən sonra İranla mümkün münasibət modelini də müzakirə edib. O, bunu Venesuelada sabiq prezident Nikolas Maduronun saxlanılmasından sonra yaranmış vəziyyətlə müqayisə edib. Həmin vaxt ABŞ Delsi Rodrigesin rəhbərlik etdiyi yeni hakimiyyəti dəstəkləmiş və neft sahəsində əməkdaşlıqdan fayda əldə etmişdi.

"New York Post" qəzetinə müsahibəsində Tramp quru qoşunlarından istifadənin istisna olunmadığını bildirib.

"Mənim ərazidə hərbi bölmələrin istifadəsi ilə bağlı heç bir şübhəm yoxdur", deyə o bildirib və əlavə edib ki, belə variant yalnız müəyyən şərtlər daxilində lazım ola bilər.

Ekspertlərin fikrincə, qoşunların mümkün yerləşdirilməsi məhdud xüsusi əməliyyatların keçirilməsi demək ola bilər. Bunlara vacib hədəflərin məhv edilməsi üçün reydlər və ya nüvə obyektləri üzərində nəzarətin təmin olunması daxil ola bilər. Analitiklər bildirirlər ki, bu, tammiqyaslı quru əməliyyatından əhəmiyyətli dərəcədə fərqlənir.

Bu arada İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ qoşunlarının mümkün yeridilməsinə hazırdır: "Biz onları gözləyirik. Əminik ki, onlara müqavimət göstərə biləcəyik və bu, onlar üçün böyük fəlakət olacaq".

Aydın

--> -->