Siyasət 13:56 11.04.2023

Azərbaycanın Təbrizdəki konsulluğu bağlana bilərmi?

"Tehran Azərbaycanın Təbrizdəki konsulluğunu bağlamayacaq. İran hazırda belə gərginlikdə maraqlı deyil. Vəziyyət elə olduğu kimi də qalacaq”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov 4 İran diplomatının prersona non-qrata elan edilməsindən onra Tehranın Təbrizdəki Azərbaycan konsulluğunu bağlamaq və bu fonda Bakının atacağı cavab tədbirlərindən danışarkən deyib.
 
"Beynəlxalq təcrübədə bu kimi məsələlər güzgü effekti verir. Bu və ya digər ölkə başqa bir ölkənin diplomatlarını arzuedilməz şəxs elan edərsə, ona məruz qalan dövlət də həmin addımı atan ölkənin eyni miqdarda diplomatını geri göndərir. Tehranın da 4 diplomatının Azərbaycanda persona non-qrata elan edilməsindən sonra bu formada hərəkət edəcəyi gözləniləndir. Amma nəzərə alaq ki, Təbrizdəki Azərbaycan konsulluğunda bu sayda diplomat fəaliyyət göstərmir. İran konsulluqdakı 4 diplomatımızı persona non-qrata elan edərsə, orada fəaliyyət göstərmək üçün heç kim qalmayacaq. Bu isə həqiqətən də Təbrizdəki konsulluğumuzun bağlanması ilə nəticələnə bilər”, deyə politoloq bildirib.



Ekspert düşünür ki, İranın Azərbaycana münasibətdə eyni qaydanı tətbiq edəcəyini ehtimal etmir:
 
"İran sadəcə arzu olunmaz şəxs olan 4 diplomatının yerinə yeni şəxslərin göndərilməsini müəyyən müddətə qədər təxirə salacaq. Tehran diplomatik nümayəndələr, yaxud Xarici İşlər Nazirliyi səviyyəsində Bakı ilə danışıqları davam etdirərək, yaranmış vəziyyətin gələcəkdə təkrar edilməməsi üçün tədbirlər görəcək”.

Ekspertə görə, İran Təbrizdəki Azərbaycan konsulluğunu bağlamaq yolunu tutsa, Bakı cavab olaraq Tehranın ölkəmizdəki səfirliyini tamamilə bağlayacaq. 

Rüfət Sultan