
Məşhur azərbaycanəsilli rusiyalı reper Navai (əsl adı – Nəvai Bəkirov) yeddi il müddətinə sürücülük hüququndan məhrum edilə və 15 sutka müddətinə inzibati həbsə göndərilə bilər. İfaçını Qazaxıstanda narkotiklərlə bağlı saxlanılmasından sonra daha bir maddə gözləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Analizlərin nəticələrinə əsasən, musiqiçinin qanında qadağan olunmuş maddələr aşkarlanıb. O, "Korday" keçid məntəqəsində saxlanıldığı zaman "Mercedes" markalı avtomobili özü idarə edib.
İndi reper Qazaxıstan İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə narkotik vasitələrin təsiri altında avtomobil idarə etməyə görə məsuliyyətə cəlb edilə bilər.
Bununla yanaşı, polis narkotik vasitələrin qaçaqmalçılığı və satış məqsədi olmadan onların qanunsuz dövriyyəsi ilə bağlı işi araşdırır.
Bu maddələr üzrə sənətçini beş ilədək həbs cəzası və ya 5 minədək MRP məbləğində cərimə gözləyir. MRP Qazaxıstanda vergilərin, cərimələrin, dövlət rüsumlarının, müavinətlərin və digər sosial ödənişlərin hesablanması üçün istifadə olunan xüsusi maliyyə göstəricisidir.
Yekun hüquqi təsnif hələ müəyyən edilməyib. Bu gün Navai barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılmalıdır.