Xəbər lenti

Bakıda ana oğlunu öldürən şəxsi bağışladı
Ölkə 14:14 23.02.2026

Bakıda ana oğlunu öldürən şəxsi bağışladı

Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə mərhumun hüquqi varisi olan anası Sürahim İbadova ifadə verərək oğlunun Türkiyədə təhsil aldığını deyib:

"Qətlə yetirilən şəxs mənim oğlumdur. Biz bir evdə yaşamışıq. Yoldaşım həbsxanada olub. Orta məktəbi Şamaxıda, ali təhsili isə Mingəçevirdə alıb. Mingəçevirdə kirayədə qalırdı və kirayə pulunu da mən verirdim. Biz demək olar ki, hər gün "WhatsApp"da görüntülü danışırdıq. "Instagram"da Türkiyədə olması ilə bağlı paylaşım etmişdi. Bu barədə mənə heç bir məlumat verməmişdi. Ona zəng çatmayanda DİN-in "102" xidmətinə 12 dəfə zəng etmişdim. Yoldaşım cəzaçəkmə müəssisəsində olduğu üçün əmilərinə yığıb dedim ki, Yasin Türkiyəyə gedib. Əmiləri ilə danışdıqda bildirib ki, Azərbaycana gəlmək istəmir. Öz özlüyümdə övladımdan küsdüm. Hadisə günü xəbər tutdum ki, qaynım Babək oğlumu öldürüb. Oğlumu öldürdüyünə görə ondan şikayətçi deyiləm".

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

20 yaşlı Yasin İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.

B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.
--> -->