Xəbər lenti

Bakının hansı ərazilərində metroya ehtiyac var? - Ekspert açıqlayır
Ölkə 16:34 02.03.2026

Bakının hansı ərazilərində metroya ehtiyac var? - Ekspert açıqlayır

Bakıda yeni tikiləcək metro stansiyalarının yerləri açıqlanıb.

Bildirilib ki, layihələrdə "B-4”, "B-5”, "B-6a”, "B-7”, "B-8”, eləcə də "yaşıl xətt” üzrə inşa edilməsi nəzərdə tutulan "Y-14”, "Y-15”, "Y-16”, "Y-17” stansiyaları yer alıb.

Bunu açıqlamasında "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.

Bəs sadalanan ərazilərdən başqa Bakı şəhəri və ətraf qəsəbələrdə hansı istiqamətlərdə metro stansiyalarının tikintisinə ehtiyac var?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Bakı Metropoliteni tərəfindən yeni stansiyaların yerlərinin açıqlanması paytaxtın nəqliyyat infrastrukturunun inkişafı baxımından mühüm addımdır:

"Xüsusilə Ağ şəhər istiqamətində, "Xətai” metrosu yaxınlığında, 8 Noyabr prospekti ətrafında planlaşdırılan stansiyalar həmin ərazilərdə artan yaşayış və biznes sıxlığı ilə bağlıdır. Bu ərazilərdə yeni stansiyaların tikilməsi müsbət haldır. Bu, həm sərnişin axınının nizamlanmasına, qismən də olsa, tıxacların azalmasına səbəb olacaq. Layihələr sərnişin axınının daha balanslı paylanmasına, mövcud stansiyalardakı yüklənmənin azalmasına və ictimai nəqliyyatın cəlbediciliyinin artırılmasına xidmət edə bilər. Xüsusilə yeni salınan yaşayış massivlərinin metro şəbəkəsi ilə inteqrasiyası uzunmüddətli şəhərsalma baxımından vacibdir”.
 


Bakının yollarında hər gün artan sıxlığın səbəbi haqqında danışan Eldəniz Cəfərov deyib ki, sıxlıq əsasən hər gün şəhərə daxil olan 300 min avtomobildən qaynaqlanır:

"Bakıda əsas sıxlıq şəhərətrafı ərazilərdən gündəlik avtomobil axını nəticəsində formalaşır. Xüsusilə Masazır, Xırdalan, Binəqədi, Sulutəpə, Badamdar–Bayıl istiqamətlərində pik saatlarda ciddi yüklənmə müşahidə olunur. Bu ərazilərdə metro xətti olmadığı üçün vətəndaşlar daha çox şəxsi avtomobillərindən istifadə edirlər. Düşünürəm ki, məhz bu istiqamətlərdə metro stansiyalarının tikintisi daha vacibdir. Həmin ərazilərdə dəmir yolu və tramvay xətlərinin çəkilməsi də planlaşdırılır. Ümid edirəm ki, bu addımlar sıxlığın azalmasına kömək edəcək”.
 
Bahar Rüstəmli
--> -->