Səbuhi Həsənov
İdman 14:00 22.11.2023

Belə qaçarsan

Bitdi… Azərbaycan millisinin Canni De Byazi ilə "izdivacı” nəhayət sona çatdı. Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarla italyan mütəxəssislə yollar ayrıldı.

Hələ üç il əvvəl AFFA böyük inadla bu məşqçini Bakıya gətirib müqavilə imzalayanda futbol ictimaiyyətində narazılıqlar baş qaldırmışdı. Qurumun əcnəbi sevdası millinin taleyinin necə olacağını əvvəlcədən proqnozlaşdıra bilən ölkə futbol ictimaiyyətini elə ovaxtdan qıcıqlandırırdı. Buna baxmayaraq öz istəyini reallaşdıran, bəh-bəhlə italyan məşqçini ölkəyə gətirən futbolumuzun başbil(məy)ənləri onu nəhayət, inkişaf üçün "işıq” kimi təqdim etdi. Albaniya millisi ilə qazandığı uğurları əsas gətirən AFFA rəhbərliyi De Byazinin Azərbaycanda da nəyəsə nail olacağını əminliklə söyləyirdi. 

Ölkəmizə gəldiyi ilk illərdə özünü xalqımıza hörmət edən bir məşqçi kimi göstərən mütəxəssis bir sıra addımlarla dividend də qazanmağa çalışırdı. 44 günlük müharibə yeni bitmişdi deyə şəhidlərin məzarı üstünə gedirdi. Hətta işğaldan azad olunmuş rayonlara səfər edirdi. Təbii ki, bunu öz istəyi deyil, AFFA rəhbərliyinin tələbi ilə həyata keçirirdi. İstənilən halda bunu ürəyə gedən yolu axtarmaq kimi qələmə vermək olar. 

Şübhəsiz De Byazi ölkəni gəzmək üçün deyil, əsas futbol komandasını inkişaf etdirmək, istədiyimiz futbolu görmək üçün buraya dəvət olunmuşdu. Bilmirəm, ona nə demişdilərsə, hansı sözləri vermişdilərsə, adam çox iddialı gəlmişdi. Hətta bir ara Kriştiano Ronaldo kimi superulduzun yer aldığı Portuqaliya millisini məğlub etməkdən də danışırdı. Bura futbolçuların inkişafı, yeni nəslin yetişdirilməsi üçün gəldiyini bildirən italyanın sözləri, zaman keçdikcə göründü ki, pafosdan başqa bir şey deyil. 

Bir müddətdən sonra isə onun millimizə heç bir şey verməyəcəyi bəlli idi. Yəni, gəlirdi, Azərbaycanda başını girələyirdi, AFFA-dan aylıq pulunu, mükafatını alırdı, sonra çıxıb gedirdi. Hərdən birdən də özünü guya ciddi-ciddi işləyirmiş kimi göstərmək üçün çempionat oyunlarına baş çəkirdi. Amma beynəlxalq oyunlarda ona "tapşırılan” heyəti meydana buraxırdı. Yəni bu qoca italyan da bilirdi ki, daha artığını bacarmır, Azərbaycan millisi onluq deyil. Belədə isə haqlı tənqidlərlə, sərt ifadələrlə üzləşirdi. Artıq özünü müdafiə edəcək başqa söz tapa bilmədiyindən nəhayət Belçikaya rüsvayçı məğlubiyyətdən sonra acığını ona tənqidi sual ünvanlayan media nümayəndələrindən çıxdı. Özü də tərbiyəsizcəsinə. 

Nəticədə AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasına dəvət olunan məşqçi müzakirələrin sonuna qədər qalmağa ürək etməyib. Onu nələrin, hansı cavabların gözlədiyini bilən De Byazi iclası yarımçıq tərk edərək arxa qapıdan qaçdı. Həə cənab, düşünməyib atdığın addımın sonunun fərqli olmayacağını bilirdin yəqin ki. Halbuki daha hörmətli şəkildə də yola salına bilərdin. Qaçdın, belə qaçarsan…

Səbuhi Həsənov