XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Bild": Səudiyyə Ərəbistanı Avropadan husilərlə müharibəyə qoşulmağı xahiş edir
Dünya18:08 03.10.2026

"Bild": Səudiyyə Ərəbistanı Avropadan husilərlə müharibəyə qoşulmağı xahiş edir

Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husilər qruplaşmasına (Ənsar Allah) qarşı yeni hərbi əməliyyat planlaşdırır və Avropa ölkələrinin yardımına ümid edir.

Qaynarinfo xəbər verir ki, vu barədə “Bild” məlumat yayıb.

Ər-Riyad xüsusilə Fransa və Böyük Britaniyadan hərbi dəstək gözləyir. Səudiyyə kəşfiyyatının rəhbəri Türki bin Feysəl Al Səud Almaniyanı da husilərə qarşı mübarizəyə qoşulmağa çağırıb.

O vurğulayıb ki, Avropa ölkələri regionun sabitliyində maraqlıdır, çünki onlar bölgənin resurslarından və ticarət marşrutlarından istifadə edirlər.

“Regionun xammal ehtiyatlarından faydalanan hər kəs sülhə və təhlükəsizliyə töhfə verməlidir”, deyə Türki bildirib.

Bir neçə ay əvvəl Səudiyyə Ərəbistanı Ərəbistan yarımadası və Bab əl-Məndəb boğazı üçün hərbi təhlükəsizlik və müşahidə sistemi yaradılmasını təklif edib. Kəşfiyyat rəhbərinin sözlərinə görə, həmin vaxt heç bir Avropa ölkəsi bu təşəbbüsdə iştirak etməyə razılaşmayıb.

Türki Avropanın bu marşrutun qorunmasında birbaşa maraqlı olduğunu düşünür. Çünki Bab əl-Məndəb boğazından Süveyş kanalına, oradan isə Avropaya gedən gəmilər keçir.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının husilərə qarşı mübarizədə artıq müttəfiqləri var. Türki bildirib ki, Fransa müvafiq tədbirlərdə iştirak edir, Böyük Britaniya isə havada təyyarələrin yanacaqla doldurulmasına yardım göstərir. Misir, Pakistan və Türkiyə də tədarük, sursat və kəşfiyyat məlumatları ilə dəstək verir.

Səudiyyə nümayəndəsi beynəlxalq ticarət yollarının qorunmasının yalnız ABŞ-ın məsuliyyətində qalmamalı olduğunu vurğulayıb.

“Bunda bütün dünya iştirak etməlidir”, deyə o bildirib.

Noyabr ayında Ər-Riyadda Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə Avropa İttifaqı arasında görüşün keçirilməsi planlaşdırılır. Türki tərəflərin nəhayət, artıq 30 ildir davam edən danışıqlar üzrə ticarət sazişi imzalaya biləcəyinə ümid edir. Onun sözlərinə görə, belə bir razılaşma təhlükəsizlik sahəsində daha geniş əməkdaşlığa ilk addım ola bilər.

Bab əl-Məndəb boğazında böhran

Sentyabrın əvvəlində İranın dəstəklədiyi Yəmən husiləri ölkənin qərb sahili boyunca sürətli hücuma keçib. Onlar Moxa (Mokka) liman şəhərini, Dübab yaşayış məntəqəsini və Bab əl-Məndəb boğazında yerləşən strateji Perim (Mayun) adasını ələ keçiriblər.

Bu, husilərə Yəmənin Qırmızı dəniz sahilinin demək olar ki, hamısına nəzarəti ələ keçirməyə və dünya üzrə ən mühüm dəniz arteriyalarından birinə təsirlərini əhəmiyyətli dərəcədə artırmağa imkan verib. Bu marşrutdan qlobal ticarətin təxminən 12 faizi, o cümlədən neft və mayeləşdirilmiş qazın əhəmiyyətli hissəsi keçir.

Böhran regiondakı daha geniş qeyri-sabitlik, o cümlədən Hörmüz boğazında gəmiçiliklə bağlı problemlər fonunda dərinləşib.

İyul ayından etibarən husilər Səudiyyə gəmilərinə qarşı dəniz blokadası elan edib və ticarət gəmilərinə raket və dronlarla bir sıra hücumlar həyata keçirib.

Nəticədə Bab əl-Məndəb boğazından tranzitin həcmi əhəmiyyətli dərəcədə azalıb, sığorta haqları artıb, bir çox gəmi isə Afrika ətrafından keçən daha uzun marşrutu seçməyə başlayıb. “Brent” markalı neftin qiyməti bir barel üçün 100 dolları ötüb.

Husilər boğazın Səudiyyə və İsrail gəmiləri istisna olmaqla, bütün gəmilər üçün açıq qaldığını bildirirlər.

Aydın