Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib.
İnfarkt nədir?
İllər üzrə rəqəmlərə baxdıqda insultdan ölüm halları 2021-ci ildə 7803 olub. 2022-ci ildə bu göstərici 6362-yə enib, 2023-cü ildə 6447, 2024-cü ildə 6429, 2025-ci ildə isə 6469 olub. Beləliklə, 2025-ci ildə insultdan ölüm sayı 2021-ci illə müqayisədə 1334 nəfər və ya 17,1 faiz az olub. Bununla belə, 2025-ci ildə göstərici əvvəlki illə müqayisədə 40 nəfər artıb. Kəskin miokard infarktından ölüm göstəricilərində isə 2021-ci ildə 4737 nəfər qeydə alınıb. Sonrakı illərdə bu rəqəm 4085, 4362 və 4239 olub. 2025-ci ildə isə kəskin miokard infarktından 4040 ölüm qeydə alınıb. Bu göstərici
2021-ci illə müqayisədə 697 nəfər və ya 14,7 faiz azdır. Eyni zamanda, 2025-ci ildə əvvəlki illə müqayisədə kəskin miokard infarktından ölüm halları 199 nəfər azalıb. Ümumilikdə, təqdim olunan rəqəmlər göstərir ki, 2021-ci ildən 2025-ci ilə qədər həm insultdan, həm də kəskin miokard infarktından ölüm göstəricisində azalma olub. Lakin insult üzrə 2025-ci ildə əvvəlki illə müqayisədə artım qeydə alınıb.
Son illər insult və kəskin miokard infarktının artmasının səbəbi daha çox hansı amillərlə bağlıdır? Həkimlər əhaliyə nə tövsiyə edir?
Kardioloq, professor İdris Xəlilov Musavat.com-a deyib ki, ürək-damar xəstəlikləri (ÜDX) nəinki bizdə, eləcə də bütün dünyada ölümün əsas səbəblərindən biridir.
Tanınmış kardioloq: “Mən pasiyentlərimin 90 faizinə bir dərman yazıram”
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan üzrə ölüm səbəblərinin beynəlxalq müqayisəsində ehtiyatlı olmağı tövsiyə edir. Çünki ölüm qeydiyyatı məlumatlarının keyfiyyəti ilə bağlı müəyyən məhdudiyyətlər var. Azərbaycanın yüksək ürək-damar ölümü yükü yeni yaranmış problem deyil. Bu, yalnız Azərbaycanın problemi də deyil. ÜST bütün dünyada ÜDX-nin əsas risk faktorları kimi tütün istifadəsini, stressi, qeyri-sağlam qidalanmanı, artıq çəkini, fiziki passivliyi, zərərli alkoqol istifadəsini və hava çirklənməsini göstərir”, - professor bildirib.
Professor qeyd edib ki, ən böyük səhvlərdən biri insanı yalnız xəstə olduqdan sonra müalicə etməkdir: “Məncə, statistikaya baxanda maraqlı bir paradoks ortaya çıxır. Tibb son 50 ildə inanılmaz dərəcədə inkişaf edib. Angioplastika, stent, AKŞ, ablasiya, cihaz implantasiyası, antikoaqulyantlar, statinlər, yeni diabet dərmanları, müasir intensiv terapiya və digər müalicə üsulları geniş tətbiq olunur. Buna baxmayaraq, ürək-damar xəstəlikləri hələ də dünyada bir nömrəli ölüm səbəbidir. Bu, müasir müalicələrin faydasız olduğu anlamına gəlmir. Əksinə, onların kəskin infarkt, insult və digər ağır vəziyyətlərdə insanların həyatını xilas etdiyini göstərən güclü sübutlar var. Amma statistikadan başqa bir nəticə də çıxır, əgər əsas risk faktorlarının yaranmasının qarşısını ala bilmiriksə, xəstəlik yarandıqdan sonra onu nə qədər yaxşı müalicə etsək də, problemin yalnız nəticəsi ilə mübarizə aparmış oluruq.
Fikrimcə, profilaktikanın əsas sütunları bunlardır:
1. Stressdən mümkün qədər uzaq olmaq;
2. Siqaretdən uzaqlaşmaq;
3. Gündəlik fiziki aktivliyi artırmaq;
4. Keyfiyyətli və mümkün qədər az emal olunmuş qidalarla qidalanmaq;
5. Artıq çəki, qlükoza, arterial təzyiq və digər risk faktorlarını vaxtında qiymətləndirmək;
6. Normal yuxu rejiminə əməl etmək;
7. İnsan xəstələnməmişdən əvvəl onun riskini müəyyənləşdirmək.
İllərdir vurğuladığım bir prinsip xüsusilə əhəmiyyətlidir, profilaktika “hamıya eyni dərman” demək deyil. Əvvəlcə insanı və onun fərdi riskini qiymətləndirmək, risk faktorlarını həyat tərzinin dəyişdirilməsi yolu ilə aradan qaldırmağa çalışmaq, nəticə əldə olunmadıqda isə tibbi müdaxiləyə keçmək lazımdır. Bir maraqlı fakt da budur ki, Azərbaycanda 2010–2023-cü illər arasında ürək-damar xəstəliklərindən ölüm səviyyəsinin rəsmi statistikada 37,6 bənd azaldığı göstərilir. Yəni vəziyyət yalnız “getdikcə pisləşir” formasında deyil”.
Şərhlər