Xəbər lenti

Siyasət 13:40 06.10.2023

Bişkekdə Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalana bilərmi?

"Sülh sazişinin Moskvanın patronajlığı altında imzalanacağına inanmıram”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli MDB dövlət başçılarının Bişkek toplantısında Bakı ilə İrəvan arasında sülh sazişinin imzalana biləcəyi ehtimalını şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində ilk addımın MDB dövlət başçılarının Bişkek toplantısında atılacağı inandırıcı deyil:



"Bunun baş verəcəyini düşünmürəm. Hesab edirəm ki, Paşinyan Bişkek toplantısına qatılmayacaq. Digər tərəfdən, sülh sazişinin imzalanmasında Brüssel prosesi daha irəli gedib. Ona görə də Bişkekdə belə bir istək olsa da, alınmayacaq. Ola bilsin ki, burada sülh sazişilə bağlı nələrsə danışılsın, nələrsə deyilsin. Amma Bişkekdə heç bir saziş imzalanmayacaq”.

Azərbaycanın Avropa İttifaqının Qranada sammiti çərçivəsində Türkiyənin prosesə dəvət edilməməsini əsas gətirməklə Ermənistanla görüşdən imtina etməsi fonunda belə fikirlər səslənir ki, tərəflər arasında sülh sazişi MDB liderlərinin Bişkek görüşündə imzalana bilər. MDB dövlət başçılarının Bişkek sammiti oktyabrın 13-də olacaq. Putinin də toplantıda iştirakı gözlənilir. İddia edilir ki, Paşinyan da tədbirə gəlsə, sülh sənədinın ilk addımı Bişkekdə imzalana bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->