Xəbər lenti

Bolqarıstan 2026-cı ildən avroya keçəcək, prorus qüvvələr etiraz edir – FT
Dünya 18:48 04.06.2025

Bolqarıstan 2026-cı ildən avroya keçəcək, prorus qüvvələr etiraz edir – FT

Avropa Komissiyası Bolqarıstana 2026-cı ildə Avrozonaya qoşulmağa icazə verib. Brüssel və Avropa Mərkəzi Bankı Sofiyanın 2026-cı il yanvarın 1-dən avronun tətbiqi üçün bütün tələbləri yerinə yetirdiyini təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Rosen Jelyazkov "Financial Times”a müsahibəsində bildirib.

"Bu gün Avrozonaya üzvlük yolunda mühüm mərhələyə çatdıq. Bu, illərlə davam edən səylərin və ciddi maliyyə intizamının nəticəsidir. Avronun tətbiqi iqtisadi sabitliyi artıracaq, investisiyalar və iqtisadi artım üçün daha güclü təməl yaradacaq”, – baş nazir deyib.

Avrozonanın maliyyə nazirləri Bolqarıstanın üzvlüyünü rəsmi şəkildə təsdiqləməlidirlər, lakin onların bu qərarı iyulda verəcəyi gözlənilir.

"Bolqarıstan Avrozonanın 21-ci üzvü olmaq üçün bütün konvergensiya meyarlarını yerinə yetirir. Bu, əhəmiyyətli mərhələdir. Bu, Bolqarıstan üçün yaxşı xəbərdir – vətəndaşlar və biznes üçün hiss olunan faydalar gətirəcək… Eyni zamanda göstərir ki, Avrozonanın özü də möhkəmlənir və avronun beynəlxalq təsiri artır. Bu, avronun sabit və cəlbedici bir valyuta olduğunu göstərir”, – deyə Aİ-nin iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bildirib.

Lakin Bolqarıstandakı prorus qüvvələr Avrozonaya qoşulmanın əleyhinədir. Ölkə prezidenti Rumen Radev bu məsələ ilə bağlı referendum keçirilməsini təklif edib – hökumət nümayəndələri isə bu təşəbbüsü sabotaj kimi qiymətləndiriblər.

Sağ mərkəzçi GERB partiyasından olan baş nazir Jelyazkov isə bildirib ki, Avrozonaya üzvlük "mürəkkəb geosiyasi şəraitdə siyasi əhəmiyyət daşıyır. Biz bunu Avropa kimliyimizin aydın ifadəsi hesab edirik”.

Bolqarıstan 2007-ci ilin əvvəlində Avropa İttifaqına üzv olub və hökumət uzun müddətdir ki, milli valyuta olan leva əvəzinə avronu tətbiq etməyə çalışır.

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi və Avropada yaranmış enerji böhranı Bolqarıstanda inflyasiyanı sürətlə artırıb. Bu isə avronun tətbiqindən sonra qiymətlərin daha da yüksələcəyinə dair narahatlıqlara səbəb olub.

2023-cü ildə ölkənin o zamankı maliyyə naziri Assen Vasilev bildirmişdi ki, saxta media orqanları və prorusiyalı siyasi partiyalar Bolqarıstanın 2025-ci ilə qədər avroya keçməsinə mane olmağa çalışırlar. Buna baxmayaraq, Sofiya əvvəlcədən müəyyənləşdirdiyi plana ciddi şəkildə əməl edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->