Xəbər lenti

Borrel:
Dünya 13:50 21.11.2023

Borrel: "Fələstin dövləti İsrailin təhlükəsizliyinin ən yaxşı təminatıdır"

Avropa İttifaqının (Aİ) baş diplomatı Cosep Borrel hesab edir ki, Fələstin dövlətinin yaradılması Qəzza zolağında HƏMAS yaraqlılarına qarşı hərbi əməliyyat keçirən İsrailin təhlükəsizliyini təmin etmək üçün ən yaxşı yol olardı.

Qaynarinfo Euractiv-ə istinadən xəbər verir ki, o, bu barədə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin bölgədə mövcud vəziyyətə həsr olunmuş virtual görüşündən sonra bildirib.

Onun sözlərinə görə, böyük çətinliklərə baxmayaraq, Avropa İttifaqı Qəzzanın sabitləşməsi və gələcək Fələstin dövləti üçün öz vizyonunu irəli sürməlidir.
"İsrailin təhlükəsizliyinin ən yaxşı təminatının Fələstin dövlətinin yaradılması olduğuna inanıram", - Borrel deyib.

Aİ-nin ali nümayəndəsi BMT Təhlükəsizlik Şurasının təcili humanitar atəşkəsə çağıran qətnaməsini irəliyə doğru böyük addım adlandırıb, lakin qeyd edib ki, onun icrası sürətlə təmin edilməlidir.

"Ekstremistlər və məskunlaşanların fələstinlilərə qarşı artan zorakılıqları fonunda (İordan çayının qərb sahilində) real eskalasiya riski var", - Borrel bildirib.
Qeyd edək ki, bundan əvvəl Aİ diplomatiyasının rəhbəri bildirib ki, İsraillə HƏMAS terror qruplaşması arasında müharibə başa çatdıqdan sonra Qəzza zolağına nəzarət Fələstin Administrasiyasına keçməlidir.

Borrel həmçinin vurğulayıb ki, İsrail müharibədən sonra Qəzzada qala bilməz. Onun sözlərinə görə, "Fələstin hakimiyyəti Qəzzaya qayıtmalıdır”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->