Mərakeşin yeni baş naziri Mərakeş Kral Futbol Federasiyasının prezidenti Fauzi Lekcaa ola bilər. O, sentyabrın 23-də keçirilmiş parlament seçkilərində birinci yeri tutan Əslilik və Müasirlik Partiyasının üzvüdür. 2030-cu ildə krallığın İspaniya və Portuqaliya ilə birlikdə növbəti futbol üzrə dünya çempionatına ev sahibliyi edəcəyini nəzərə alsaq, Lekcaanın təyin olunması vaxtında atılmış addım ola bilər. Lakin o, yeganə namizəd deyil və hökuməti kimin formalaşdıracağına qərar vermək səlahiyyəti Mərakeş kralı VI Məhəmmədə məxsusdur.
Qaynarinfo xəbər verir ki, sentyabrın 23-də keçirilmiş səsvermənin nəticələrinə görə, parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında ən çox mandatı Əslilik və Müasirlik Partiyası ("PAM") qazanıb. Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, partiyanın nümayəndələri 395 yerdən 97-ni tutacaq. Milli Müstəqillilər Birliyi 66, "İstiqlal" partiyası isə 65 mandat əldə edib. Hər iki siyasi qüvvə hakim koalisiyaya daxildir. Bu, onlara birlikdə sabit çoxluq və tərəflər razılığa gələ biləcəyi təqdirdə hökumət formalaşdırmaq imkanı verir.
Lakin baş nazirin kim olacağı VI Məhəmməddən asılıdır. Krallığın Konstitusiya Məhkəməsi nəticələri rəsmən elan etdikdən sonra kral konstitusiyaya əsasən hökuməti formalaşdırmağı qalib partiyanın siyasətçisinə tapşıra bilər.
Ehtimal olunan namizədlərdən biri 56 yaşlı büdcə məsələləri üzrə nazir və Mərakeş Kral Futbol Federasiyasının prezidentidir.
O, bu ilin iyulunda Əslilik və Müasirlik Partiyasına üzv olduqda, aylardır dolaşan siyasi ambisiyaları ilə bağlı şayiələri təsdiqləmişdi. Həmin vaxt Fransanın "Le Monde" nəşri məhz onun “dünya çempionatı hökuməti”nə rəhbərlik edə biləcəyini yazmışdı.
Monarx ölkədə geniş səlahiyyətlərini qoruyur, siyasi kursu və xarici siyasəti müəyyənləşdirir. Bununla belə, 2030-cu il futbol üzrə dünya çempionatına hazırlıq məhz yeni hökumətin üzərinə düşəcək. Qarşıda ümumi dəyəri təxminən 20 milyard dollar qiymətləndirilən infrastruktur işləri var. Bu vəsait yalnız idman obyektlərinə deyil, həmçinin stadionların tikintisi və modernləşdirilməsinə, hava limanlarına, avtomobil və dəmir yollarına, eləcə də şəhər infrastrukturuna yatırılacaq.
Lakin Lekcaanın namizədliyi yeganə variant deyil. KİV-in məlumatına görə, hökumətə PAM-ın digər üzvü Fatimə Əzzəhra əl-Mənsuri də rəhbərlik edə bilər. Hüquqşünas və siyasətçi olan Əl-Mənsuri eyni vaxtda üç vəzifə tutur: ərazi planlaşdırılması və şəhərsalma naziri, partiyasının baş katibi və Mərakeş şəhərinin meri. O, bu vəzifələrə təyin olunan ilk qadın olub.
Yeni baş nazir təkcə idman obyektlərinin hazırlanması ilə məşğul olmayacaq. Ötən il keçirilən və 300-dən çox insanın xəsarət aldığı kütləvi gənclər etirazları, həmçinin iyul ayında Mərakeş ərazisindən İspaniyanın Seuta anklavına miqrantların kütləvi keçidi ölkədə vəziyyətin gərginliyini göstərir.
Ölkədə işsizlik səviyyəsi yüksəkdir – gənclər arasında bu göstərici 40 faizə çatır.
Etiraz iştirakçıları dəfələrlə yeni stadionların deyil, xəstəxana və məktəblərin tikilməsini tələb ediblər. Hakimiyyət isə bildirir ki, infrastruktur investisiyaları turnirdən sonra da fayda verə, turistlərin cəlb olunmasına və məşğulluğun dəstəklənməsinə kömək edə bilər.
Aydın
Şərhlər