Xəbər lenti

Ölkə 19:16 18.12.2023

"Boşanmaların çoxunun təşəbbüskarı qadınlar, günahkarı kişilərdir" - Vəkil

"Bu gün kişilər ailə quranda iqtidarı əldən verirlər, arvad nə deyir kişi də onu təkrarlayır".
 
Bunu Qaynarinfo-ya vəkil Əkrəm Həsənov boşanmaların sayının çoxalması səbəbindən danışarkən deyib. 

Vəkil bildirib ki, bu müasir, qərbyönlü dünyaya xas olan cəhətdir:

"Biz də o istiqamətdə gedirik. Bu ailə institunun zəifləməsi ilə bağlıdır. Az nigah bağlanır və boşanmalar çoxdur. Az nigahın bir səbəbi də evlənənlərin rəsmi nigaha girməməsidir. Kişilər və qadınlar qeyri-rəsmi nigahda yaşayırlar. Ailə institutu zəifləyir, çünki genderlərin rolu dəyişir. Kişi artıq tam kişi deyil, eyni zamanda qadın da artıq qadın deyil. Deyirlər ki, azadıq, kim nə istəyir onu da edir. Bunun da nəticəsində  boşananların sayı çoxalır". 
 


Vəkilin fikirincə, hər bir qrum, fərqi yoxdur istər ailə olsun, istərsə də təşkilat başçısı yoxdursa, o mütləq dağılacaq:

"Bu gün kişinin ailə başçısı olması məsələsi bir qayda olaraq inkar edilir. Gender bərabərliyi, ailəni hər ikisi idarə edir. Halbuki iki qoçun başı bir qazanda qaynamaz. Qadınlar deyir ki, hər şey bizlikdir. Kişi xoşuna gəlməyəndə də boşanma başlayır. Boşanmanın 90%-dən çoxunun təşəbbüskarı qadınlardır. Bunun günahkarı kişilərdir". 
 
Əkrəm Həsənov deyib ki, boşanmaların çoxalmasında sosial şəbəkələrin də rolu var:

"Ailə başçıları biri-birinə xəyanət edirlər. Qadın xəyanəti ailəni dağıdır. Kişi xəyanəti ailə üçün o qədər təhlükəli olmur. Müasir filmlər, seriallar, sosial şəbəkələr sə rol oynayır".

Qeyd edək ki, Azərbaycanda evlənənlərin sayı azalır, boşananlar artır. Bu ilin 10 ayı ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->