Böyük Britaniyada monarxiya institutuna dəstək səviyyəsi 55 faizə düşərək 1993-cü ildən bəri aparılan müşahidələr dövrünün ən aşağı göstəricisinə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ipsos” şirkətinin araşdırmasına istinadən "The Telegraph” qəzeti məlumat yayıb.
Araşdırmaya görə, son üç ildə monarxiya institutunun qorunub saxlanılmasını dəstəkləyənlərin payı 11 faiz bəndi azalıb. 1990-cı illərin əvvəllərində aparılan ilk ölçmələr zamanı isə kral idarəetmə sisteminə dəstək verənlərin nisbəti 69 faiz təşkil edirdi.
Monarxiyanın populyarlığında ən böyük azalma gənc britaniyalılar arasında qeydə alınıb. 18–34 yaş arası respondentlərin yalnız 33 faizi monarxiyanın saxlanılmasını dəstəklədiyini bildirib. Müqayisə üçün qeyd olunur ki, 2013-cü ildə bu göstərici 74 faiz idi.
Monarxiyaya ictimai dəstəyin ən yüksək səviyyəsi 2012-ci ildə, Kraliça II Elizabetin hakimiyyətinin 60 illiyinin qeyd olunduğu dövrdə müşahidə edilib. Həmin vaxt sorğuda iştirak edənlərin təxminən 80 faizi bu instituta müsbət münasibət bəslədiyini ifadə etmişdi.
"Bloomberg” agentliyi fevral ayında yazmışdı ki, kral ailəsinin nüfuzuna ciddi zərbə vuran hadisələrdən biri kralın kiçik qardaşı Endryu Mauntbetten-Vindzor ətrafında yaranmış qalmaqal olub. Endryu Mauntbetten-Vindzor amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə qalmaqalın mərkəzinə düşüb. Ona dövlət qulluğunda yol verilmiş qanun pozuntuları, o cümlədən hökumət sənədlərinin Epşteynə göndərilməsi ilə bağlı ittihamlar irəli sürülüb.
Məlumata görə, 2025-ci ilin dekabrında Kral III Çarlz qardaşını bütün titullarından məhrum edib. Daha sonra, fevral ayında Endryu Mauntbetten-Vindzor saxlanılıb. O, 12 saat davam edən dindirilmədən sonra sərbəst buraxılıb, yaşayış yerində isə axtarış aparılıb. Hazırda polis keçmiş şahzadə ilə bağlı bir neçə maddə üzrə araşdırmanı davam etdirir.
Aydın
Şərhlər