XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bruney sultanı gəlinini kral titullarından məhrum etdi
Dünya14:23 17.08.2026

Bruney sultanı gəlinini kral titullarından məhrum etdi

Uzun müddətdir hakimiyyətdə olan Bruney sultanı Həsənal Bolkiah gəlinin Raabiyatul Adaviyyahın titullarını ləğv edib.

Qayanrinfo xəbər verir ki, avqustun 8-də ölkənin uzun müddətdir hakimiyyətdə olan sultanı Raabiyatul Adaviyyahın “Yang Amat Mulia Pengiran Anak Isteri” titulunu ləğv edən fərman imzalayıb. Bu barədə Bruneyin milli ictimai yayım şirkəti RTB-nin məlumatına istinadən "New Strait Times" yazıb.

Raabiyatul sultanın oğlu, taxt-tac varisliyi sıralamasında dördüncü olan şahzadə Əbdül Malikin həyat yoldaşıdır. 43 yaşlı şahzadə Əbdül Malik sultanın ilk və hazırda yeganə həyat yoldaşı olan kraliça Salehadan olan ikinci oğludur. Əbdül Malik və 33 yaşlı Raabiyatul 2015-ci ildə evləniblər və onların dörd qızı var. Bildirilir ki, uşaqların titullarına bu qərar təsir etməyəcək.

Sultanın qərarının hansı səbəblərdən verildiyi tam aydın deyil. Böyük saray mərasim rəhbərinin ofisi yaydığı açıqlamada Raabiyatulun artıq kral ailəsinin üzvü hesab edilmədiyini təsdiqləyib. Bildirilib ki, titulların ləğvinə onun "kral ailəsi üzvünün həyat yoldaşına yaraşmayan" davranışı səbəb olub.

Həmçinin qeyd olunub ki, onun hərəkətləri monarxiyanın adına xələl gətirib və sultan Həsənal Bolkiaha hörmətsizlik nümayiş etdirib. Lakin Raabiyatulun konkret hansı hərəkətlərə yol verdiyi və ya hansı insidentlərin baş verdiyi barədə əlavə məlumat verilməyib.

"People" nəşri Bruney kral ailəsinin nümayəndələrindən məsələyə münasibət öyrənməyə çalışıb.

Həsənal Bolkiah hazırda dünyanın ən uzun müddət hakimiyyətdə olan monarxıdır. 80 yaşlı sultan 1967-ci ildə atasının taxtdan əl çəkməsindən sonra Bruney taxtına çıxıb. O, həmçinin 1984-cü ildən, ölkənin Britaniya hakimiyyətindən müstəqillik əldə etdiyi vaxtdan etibarən Bruneyin baş naziri vəzifəsini tutur.

Həsənal Bolkiahın dünyanın ən varlı insanlarından biri olduğu bildirilir. 2023-cü il üçün onun sərvətinin 50 milyard dollar olduğu təxmin edilir. 2025-ci ilin məlumatına görə, sultanın üç həyat yoldaşından 12 övladı və 20 nəvəsi var.

Bruney dünyanın sonuncu mütləq monarxiyalarından biridir. Ölkədə son illərdə bir sıra mübahisəli siyasətlər həyata keçirilib. Bruney 2014-cü ildə şəriət qanunlarını tətbiq edib, 2019-cu ildə isə abort, zina və eynicinsli münasibətlər kimi əməllərə daşqalaq və ya ətrafların amputasiyası kimi cəzalar nəzərdə tutan yeni qanunlar qüvvəyə minib.

"Mən bu ölkədə İslam təlimlərinin daha da güclənməsini istəyirəm", deyə sultan həmin vaxt yeni qanunları birbaşa qeyd etmədən ictimai çıxışında bildirib.

Beynəlxalq təzyiqlərdən sonra sultan homoseksuallığa görə ölüm cəzasının tətbiqinə moratoriumu uzadacağını açıqlayıb və Bruney adından BMT-nin İşgəncələrə Qarşı Konvensiyasını imzalayıb.

Aydın