Gündəlik həyatda istifadə etdiyimiz bir çox söz bizə o qədər adi görünür ki, onların hər yerdə eyni şəkildə işlənildiyini düşünürük. "Sağ” və "sol” kimi istiqamət ifadələri də bu qəbildəndir. Lakin dünyada bu anlayışlara fərqli yanaşan icmalar mövcuddur.
Qaynarinfo xəbər verir ki, Avstraliyanın şimal-şərqində yerləşən Far North Queensland bölgəsində yaşayan Guugu Yimithirr xalqı istiqamətləri bizim alışdığımız "sağ” və "sol” kimi nisbi anlayışlarla deyil, sabit coğrafi yönlərlə – "şimal”, "cənub”, "şərq” və "qərb” – ifadə edir. Bu dil strukturu isə təkcə ünsiyyəti deyil, həm də düşüncə tərzini və ətraf aləmin qavranılmasını kökündən dəyişdirir.
Hər hansı bir hadisəni və ya əşyanın yerini təsvir etmək üçün insanın harada dayandığını və hansı istiqamətə baxdığını bilməsi vacibdir. Məsələn, "ağacın arxasında” əvəzinə "ağacın cənubundadır”, "solundakı masa” əvəzinə "qərbindəki masa” deyilir.
Tədqiqatçılara görə bu sistem, danışanların ətraf mühitə qarşı daimi fərqindəlik içində olmasına şərait yaradır. "Max Planck Psixolinqvistika İnstitutu”ndan Stefan Levinson qeyd edir ki, bu yön sistemi sabit mövqelərlə məhdudlaşmır – gündəlik hərəkətlərdə də istifadə olunur. Məsələn, bir nəfər qarşıdan qarşıya keçərkən "bir az şimala yönəl” deyilə bilər. Hətta dülgərlik işlərində belə ölçü əvəzinə istiqamətlərlə yön verilə bilər: "Qapı çərçivəsini bir az cənuba çək.”
Bu istiqamət sistemi klassik kompas yönlərindən fərqlənə bilər. Dilçi Con B. Haviland bu yönlərin yerli mühit – sahil xətləri, küləyin istiqaməti və ya Günəşin hərəkəti – əsasında formalaşmış ola biləcəyini bildirir. Yəni "şimala” demək hər zaman kompasdakı şimalı nəzərdə tutmaya bilər, lakin icma daxilində bu istiqamətlərə dair ortaq bir anlayış mövcuddur.
Guugu Yimithirr dili dilçilik baxımından maraqlı nümunə hesab olunur, çünki bu dilin quruluşu danışanın ətraf aləmi necə qavradığına birbaşa təsir edir. Kənardan sadə görünə biləcək bu sistem, əslində, danışanın beynində daim işlək olan bir istiqamət tapma mexanizmini tələb edir.
Lakin bu dilin yaşadılması getdikcə çətinləşir. 2021-ci il məlumatlarına görə Guugu Yimithirr dilində fəal şəkildə danışanların sayı 800 nəfərdən aşağıdır və onların da əksəriyyətini yaşlılar təşkil edir. İcma isə bu dili qorumaq üçün müxtəlif səylər göstərir. Xüsusilə gənclərin bu dili öyrənməsi üçün təşviqedici layihələr həyata keçirilir.
Dünyaya "kenquru” sözünü bəxş etmiş bu yerli dil, bizə eyni zamanda məkan və istiqaməti qavramağın tamam fərqli yollarının da mümkün olduğunu xatırladır.
Aydın
Şərhlər