(Yazı "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə hazırlanıb)
Hər bir digər dövlət kimi Azərbaycan dövlətinin xaricdəki maraqlarının təmin edilməsində lobbi və diaspor təşkilatlarının da mühüm rolu vardır. Müstəqillikdən üzü bəri dünyanın əksər ölkələrində Azərbaycan diaspor təşkilatları yaranaraq fəaliyyət göstərir. 70-dən çox ölkədə 300-dən çox diaspor təşkilatı və 15 Koordinasiya Şurası fəaliyyət göstərir.
Ötən müddət ərzində diaspor təşkilatları Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində bir sıra uğurlara imza atıblar. Bu fəaliyyət xüsusən də 44 günlük müharibədə əldə edilən Zəfərdən sonra daha böyük əhəmiyyət kəsb edib.
Görəsən, diaspor təşkilatları son dövrlər hansı nailiyyətlərə imza atıblar?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, son dövrlər diaspor fəaliyyətində Azərbaycan dövləti yeni keyfiyyət dəyişikliklərinə nail olub:
"Diaspor təşkilatlanması hər bir xalqın milli gücünün mühüm komponentlərindən birini təşkil edir. Qloballaşan dünyada müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların fəaliyyəti həm qeyri-rəsmi səfarət mahiyyəti daşıyır, həm də yerli ictimai rəydə Azərbaycan dövləti, xalqı haqqında təsəvvürlər formalaşdırır. Məqsədyönlü fəaliyyətə gəldikdə isə diaspor nümayəndələri öz fəaliyyətlərilə həm də vətənlərinə olan münasibətdə müsbət tendensiya və ənənələr yaradırlar".
Deputat qeyd edir ki, bunun üçün də yüksək səviyyədə təşkilatlanmaq lazımdır:
"Son dövrlər Diaspora Komitəsinin fəaliyyəti sayəsində diaspora işini yeni keyfiyyət mərhələsinə yüksəltməyə nail olmuşuq. Burada iki mühüm cəhət var. Məlumatlandırma, təşkilatlandırma, motivasiya etmə və milli gücü səfərbər etmək. Bu komponentlərin hamısı birlikdə nəticə etibarı ilə Azərbaycan dövlətilə diasporamızın yaşadığı ölkələr arasında etibarlı, etimadlı körpü yaradır. Fikrimcə, hazırda bu mərhələdəyik. Bu yeni keyfiyyət göstəricisinin əsasında həm də əldə etdiyimiz tarixi zəfər və onun xaricdə düzgün təbliğat dayanır. Şübhəsiz ki, bu da diaspora fəaliyyətinin bir parçasıdır. Bütün bu komponentlərin cəmini analiz edib yekun nəticəyə gəlsək, son dövrlər diaspora fəaliyyətində yeni keyfiyyət dəyişiklikləri yaratdığımızın şahidi olacağıq".
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər