Hazırda Məhərrəm ayıdır. Bu məqsədlə ölkəmizdə bütün toy-düyünlər, məclislər təxirə salınıb.
Məhərrəm ayı ilə bağlı çox sayda rəvayətlər dolaşıb. Bəziləri deyir ki, bu ayda toy edənlərin xoşbəxtliyi 99% sual altındadır, evlənənlərin əksəriyyəti xoşbəxt olmur. Bundan əlavə, doğulan uşaqların sağlamlığının da sual altında olduğu bildirilir.
Tanınmış din xadimi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay da mətbuata açıqlamasında bildirib ki, Məhərrəm ayında toy etmək icazəli deyil:
"Bu şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir. Bir xalqı xalq edən onun milli və mənəvi dəyərləridir. Məhərrəm ayı Azərbaycan xalqının əsrlər boyu ruhundan süzülüb gəlib. XIV əsrdən bəri Azərbaycanın qan yaddaşına yazılıb. İmam Hüseyn İslam aləmində insanlığın kamil nümunəsidir".
Məhərrəmlik ayı olsa da, sosial şəbəkələrdə paytaxda və bölgələrimizdə toy edənlərin olduğuna şahidlik edirik. Toy məclislərindən olan görüntülər sosial şəbəkələrdə ictimai qınağa tuş gəlir.
Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli Qaynarinfo-ya a açıqlamasında bildirib ki, son dövrlərdə sosial şəbəkələrdə və digər media platformalarında İslam dininə və onun dəyər simvollarına qarşı çeşidli hücumlar olur. Onun sözlərinə görə, bu hücumların hədəfində bəzən birbaşa İslam dini deyil, onun müqəddəs simaları, əxlaqi dayaqları, min illər boyu yaşadılmış müqəddəs mərasimlər olur:
"Bu proseslərdə maraqlı və düşündürücü məqam odur ki, çox zaman dinin özünü müdafiə edən qiyafəsinə bürünən insanlar, əslində, İslamın öz köklərini hədəfə alırlar. Bu, bir ağacı məhv etmək üçün onun köklərinə zərbə vurmaq məqsədi ilə budaqlarını doğramağa bənzəyir. Görünüşdə din təəssübkeşi kimi təqdim olunan bu fiqurlar, reallıqda qlobal ideoloji güclərin bir parçası kimi çıxış edirlər. Onlar "modernlik", "maariflənmə", "azad düşüncə" kimi anlayışların arxasında gizlənərək, dini və milli kimliyi hədəfə alır, İslamı tədricən toplumun həyatından uzaqlaşdırmaq üçün çalışırlar. Bu cəhdlərin əsas hədəflərindən biri də Məhərrəmlik mərasimləridir. Hər il Aşura öncəsi və Məhərrəm ayı zamanı müəyyən qruplar eyni ritorika ilə çıxış edir: "Kədərlənmək nəyə gərəkdir?", "Bu mərasimlər xalqı geri aparır", "İslam modernləşməlidir", "Hüseyn (ə) sevgisi başqa cür yaşanmalıdır" və s. Halbuki xalqımız əsrlərdir bu mərasimlər vasitəsilə Hz. Hüseynə (ə) və onun əqidədaşlarına sevgisini, sədaqətini, etiqadi bağlılığını ifadə edir. Bu sevgi bir şadlıq mərasimi ilə yox, bir matəm əxlaqı ilə özünü büruzə verir. Çünki bu, təkcə həmin tarixi hadisəyə yas saxlamaq deyil, zalıma qarşı Haqqın yanında olmağın rəmzidir".
Rəsul Mirhəşimli qeyd edib ki, Hz. Hüseynin (ə) mübarizəsi İslamın zülm qarşısında diz çökməyəcəyini sübut edən bənzərsiz bir həyat dərsidir:
"Hz.Hüseynin (ə) Kərbəla çölündəki qiyamı zahirən bir döyüş kimi görünsə də, əslində bu, batilə qarşı haqqın, qorxaq təslimçiliyə qarşı imanlı dirənişin simvoludur. Bu mübarizənin üzərinə kölgə salmaq istəyənlər isə anlamırlar ki, bu məktəb yalnız tarixdə deyil, ruhlarda, könüllərdə yaşayır. Nə qədər cəhd göstərilsə də, Hz. Hüseynin (ə) işığından yaranan bu mənəvi nur heç zaman öləziməyəcək. Unutmayaq ki, İslama qarşı olan müasir hücumlar daha kompleks və sistemlidir. Bu gün İslam düşmənləri özlərini açıq şəkildə göstərmək əvəzinə, müsəlman kimliyi ilə maskalanaraq, içdən-içə dini deformasiyaya uğratmaq yolunu seçiblər. Onlar "liberal müsəlman”, "yeni nəsil İslam”, "reformasiyaya ehtiyac var” kimi aldadıcı adlarla çıxış edir, amma reallıqda İslamın əsas sütunlarını zəiflətmək məqsədi güdürlər. Bu şəxslər özlərinin təməl məqsədlərini gizlədərək İslam dünyasında parçalanmalar yaradır, cəmiyyətin dini vəhdətini pozur və inanclı insanları bir-birinə qarşı qoymağa çalışırlar. Onların arxasında isə çox vaxt Qərbdə formalaşan qlobal çeteler, ideoloji mərkəzlər və İslamı zəiflətmək istəyən siyasi güclər dayanır. Məqsəd isə sadədir. Çünki mənəvi dayaqlarını itirmiş bir cəmiyyət idarəolunması asan bir toplumdur".
Jurnalist vurğulayıb ki, lakin xalqımız bu oyunlara qarşı daim ayıq olub:
"Bu torpaqların insanı əsrlərdir İslamı yalnız bir inanc deyil, həm də həyat tərzi kimi yaşayıb. Məhərrəmlik kimi mərasimlər bu milli-mənəvi birliyin təzahürüdür. Əgər bu mərasimlərdə kədər varsa, insanlar şadlıqdan uzaq durulursa, bu, insanlığın haqq uğrunda şəhid olan övladlarına sayğısı və sevgisi üçündür. Hz. Hüseynin (ə) adını yaşatmaq azadlığı, haqqı, ədaləti, fədakarlığı yaşatmaq deməkdir. Bu dəyərlər isə nəinki keçmişdə, bu gün də bəşəriyyətin ehtiyac duyduğu əxlaqi prinsipdir. Buna görə də nə qədər çalışsalar da, bu dəyərləri xalqın qəlbindən silmək mümkün olmayacaq. Çünki bu məktəb qanın deyil, mənəviyyatın məktəbidir. Bu məktəb tarixi keçmişdə qalmayıb, itib-batmayıb, bu gün də diridir, bu gün də yol göstərir. Hər il Məhərrəmlikdə bir daha sübut olunur ki, Hz. Hüseyn (ə) və onun haqq mübarizəsi unudulmur, bundan sonra yüz illər keçsə də unudulmayacaq".
Ekspert sonda qeyd edib ki, heç bir İslam alimi və dinin gerçək mahiyyətini anlayan heç bir müsəlman davranışlarda ifratı haqlı saymır:
"Elə bu səbəbdən Allah Rəsulu Hz.Məhəmmədi (s) və onun Əhli-Beytini (ə) sevən müsəlmanlar Məhərrəmlik mərasimini bir məktəb kimi hörmətlə yaşatmağa çalışır, dini kimliyinin əsl mahiyyətini nümayiş etdirmək üçün çaba sərf edir".
Bahar Rüstəmli
Şərhlər