Ekonomiks 17:15 26.09.2023

Buğda ehtiyacımızı necə ödəyək? - Ekspert problemləri açıqlayır

"Fermerlər maarifləndirilməli, müəyyən bilgilər əldə etməlidirlər. Onların bilikləri olmasa, istehsal vasitələrinə malik olsalar belə, uğur qazana bilməyəcəklər”.
 
Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Vahid Məhərəmov Azərbaycanın ərzaqlıq buğdaya olan ehtiyacını tam təmin etməsindən danışarkən deyib.  

Onun sözlərinə görə, bunun üçün fermerlərin maarifləndirilməsi, kadrların, aqronomların hazırlanması, istehsal vasitələri, su ilə təminat və s. aidiyyatı qurumlar tərəfindən təşkil olunmalıdır:  

"Dövlət proqramı qəbul edilməlidir ki, bu sahədə boşluqlar aradan qalxsın və problemlər həll olunsun. Belə olarsa, bu sahə inkişaf edəcək. Nazirlər Kabinetində, dövlət qurumlarında ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı hökumətin üzərinə müəyyən vəzifələr düşür. Bu vəzifələr o vaxt yerinə yetirilir ki, kənd təsərrüfatını bilən yüksək səviyyəli peşəkarlar bu işə rəhbərlik etsinlər. Onlar sahənin necə inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı qəbul etməli, siyasət müəyyənləşdirməlidir”.

"Azərbaycanda hansı regionda taxılçılığı inkişaf etdirmək olar” sualına cavab olaraq Vahid Məhərrəmli qeyd edib ki, bütün imkanları səfərbər edib, məhsuldarlığı artırmaq, məhsulun keyfiyyəti yaxşılaşdırılmalıdır:

"Bu gün buğda istehsal edilir, amma bu ərzaqlıq buğda deyil. Ərzaqlıq buğda istehsalı üçün fermerlər maarifləndirilməlidir, onlara bu işlə bağlı müəyyən istiqamət verilməlidir. Peşəkar olmadan bu işləri görmək mümkün deyil. Fermerlər istehsal vasitələrilə necə təmin edilirlər, bu araşdırılmalıdır. Nə etmək lazımdır ki, istehsal vasitələrinin bir hissəsi daxildə isethsal olunsun, bir hissəsi isə xaricdən idxal edilsin, necə edək ki, fermerlər problemlərlə qarşılaşmasın, suvarma suyu ilə davamlı olaraq təmin edilsin - bu suallara cavab tapılmalıdır. Belə yanaşma olmadan məhsul istehsalını artırmaq mümkün olmayacaq”. 

Bahar Rüstəmli