"Ceyms Uebb” kosmik teleskopu mövcudluğu mümkünsüz hesab edilən uzaq bir ekzoplaneti aşkarlayıb.
Qaynarinfo "interestingengineering.com”a istinadla
yazır ki, bu "cəhənnəm planeti”nin bir sıra xüsusiyyətləri alimləri heyrətləndirib və indiyədək Kainatın başqa heç bir yerində müşahidə olunmayıb. Kəşf planetlərin necə formalaşması və təkamül etməsi ilə bağlı mövcud təsəvvürləri dəyişə bilər.
PSR J2322-2650b adlı bu planet kütləsinə görə Yupiterə yaxındır, lakin tipik qaz nəhənglərinə bənzəmir. O, neytron ulduzunun – pulsarın – ətrafında son dərəcə yaxın məsafədə fırlanır və güclü şüalanma ilə intensiv cazibə qüvvələrinin təsirinə məruz qalır. Bu qüvvələr planetin formasını deformasiyaya uğradaraq onu limona bənzər hala salır.
Alimləri ən çox təəccübləndirən isə planetin atmosferidir. Su buxarı və ya metan kimi adi birləşmələr əvəzinə, "Uebb” teleskopu atmosferdə əsasən helium və karbonun üstünlük təşkil etdiyini aşkar edib. Bu isə planetlərdə indiyədək rast gəlinməmiş, ekzotik kimyəvi tərkib deməkdir.
Bu kəşf daha fundamental bir sual doğurur: belə bir planet ümumiyyətlə necə yarana bilər?
"Bu dərəcədə karbonla zəngin tərkibin necə formalaşa biləcəyini təsəvvür etmək çox çətindir, – deyə Çikaqo Universitetindən tədqiqatın rəhbəri Maykl Çjan bildirib. – Görünür, bu, formalaşma ilə bağlı məlum olan bütün mexanizmləri istisna edir”.
Sistem pulsarın kiçik yoldaşından tədricən maddə "oğurladığı” nadir "qara dul” cütlüklərini xatırladır. Lakin bu izah da tam inandırıcı deyil.
"Bu planet adi şəkildəmi formalaşıb? Xeyr, çünki tərkibi tamamilə fərqlidir. Bəs ulduzun xarici qatının qopması nəticəsindəmi yaranıb, necə ki, "adi” "qara dul” sistemlərində olur? Yəqin ki, yox, çünki nüvə fizikası saf karbon yaratmır”, – deyə Çjan izah edir.
Stenford Universitetindən Rocer Romani isə qeyri-adi bir prosesin baş verdiyini ehtimal edir:
"Saf karbon kristalları səthə qalxır və heliumla qarışır. Amma sonra elə bir mexanizm işə düşməlidir ki, oksigen və azotun ora daxil olmasının qarşısını alsın”.
Beləliklə, bu planet hələlik kosmik bir sirr olaraq qalır.
Alpər
Şərhlər