Fransada çevriliş baş verdiyi barədə yayılan görüntülər beynəlxalq miqyasda çaşqınlıq yaradıb.
Qaynarinfo xəbər verir ki, sosial mediada qısa müddətdə 13 milyon izlənməyə çatan videoda bir polkovnikin Fransa hökumətinə nəzarət etdiyi və prezident Emmanuel Makron hökumətinin devrilmiş ola biləcəyi göstərilib. Marseldə kameralar qarşısına çıxan Makron videonun süni intellekt vasitəsilə yaradıldığını bildirib və afrikalı bir liderin videoya inanaraq ona zəng etdiyini qeyd edib.
Makron süni intellektlə yaradılmış və Fransada çevriliş baş vermiş kimi göstərilən videonun sosial mediada yayılması nəticəsində dezinformasiyaya qarşı xəbərdarlıq edib. O, "Facebook"u videonu silmədiyi üçün tənqid edib. "La Provence" qəzetinin tədbirində sosial media şirkətini hədəf alan prezident belə videoların yayılmasının və qarşısının alınmamasının demokratiyalar üçün təhlükə yaratdığını bildirib.
Makron bildirib ki, afrikalı bir dövlət başçısı videoya inanaraq özünə zəng edib və "Cənab Prezident, ölkənizdə nə baş verir? Çox narahatam" deyib. Yelisey Sarayının sözçüləri videonun mənbəyinin araşdırıldığını, yaradıcıların isə hələ müəyyən edilmədiyini açıqlayıblar.
Videoda 24 saat fəaliyyət göstərən xəbər kanalı formatı təqlid olunub. Mikrofonlu bir jurnalist kənd təsərrüfatı böhranı səbəbindən qəzəbli izdihamı göstərərk deyir: "Hazırda qeyri-rəsmi məlumatlar göstərir ki, kimliyi açıqlanmayan bir polkovnikin rəhbərliyi altında Fransada çevriliş cəhdi baş verib və Prezident Emmanuel Makron hakimiyyətdən devrilmiş ola bilər".
Makron videonun 10 dekabrda yayıldığını və "Facebook"dan silinməsini tələb etdiklərini bildirib. Lakin sosial media platforması "xidmət şərtlərini pozmadığı” səbəbi ilə videonu silməkdən imtina edib.
Makron martdakı yerli seçkilər və 2027-ci il prezident seçkiləri öncəsi manipulyasiya və xarici müdaxilə riskindən narahat olduğunu vurğulayıb. Fransız lider əvvəl də deepfake texnologiyasından yaranan problemlərə diqqət çəkib. Fevralda Parisdə keçirilən Süni İntellekt Fəaliyyət Zirvəsində də məsələyə toxunmuşdu. Makron sosial media hesablarında nümunə videolar paylaşaraq bunun ciddi siyasi manipulyasiya vasitəsi ola biləcəyini bildirib.
Ekspertlər deepfake-lərin normallaşmasının insanların reallıq qavrayışını poza biləcəyini bildiriblər. Texnologiya analisti Paul Makkay qeyd edib ki, belə videolar zərərsiz əyləncə kimi görünsə də, ümumilikdə yaxşı deyil və insanların həqiqətlə saxtanı ayırmaqda çətinlik yaşamasına səbəb ola bilər.
Prof. Filip Hovard isə qeyd edib ki, deepfake-lər getdikcə daha yenilikçi və bəzən əyləncəli yollarla istifadə olunur, bu isə yeni risklər və sosial problemlər yaradır.
Makron isə fevral ayında çıxışında deepfake-lərin yaxşı hazırlanmış olduğunu, amma süni intellektin səhiyyə, enerji və cəmiyyət həyatını dəyişdirmək üçün böyük potensiala malik olduğunu vurğulayıb. O bildirib ki, Fransa və Avropa süni intellekt inqilabının mərkəzində olmalı, fürsətləri dəyərləndirməli və öz prinsiplərini qorumağa çalışmalıdır.
Aydın
Şərhlər