Dünya 20:59 28.06.2022

Cenevrə Rusiyanın Avropadakı casusluq mərkəzinə çevrilə bilər - İsveçrə kəşfiyyatı

Cenevrə Rusiyanın Avropadakı casusluğunun mərkəzinə çevrilə bilər. İsveçrə Federal Kəşfiyyat Xidməti hesab edir ki, şəhərdə artıq onlarla rus casusu var.

Bu barədə Qaynarinfo kəşfiyyat xidmətinin hesabatına istinadən xəbər verir.

Sənəddə deyilir: "Bu yaxınlarda müxtəlif Avropa dövlətləri rus kəşfiyyatçılarını ölkədən çıxarıblar ki, bu da Rusiya kəşfiyyat xidmətlərinin öz qüvvələrini İsveçrə kimi ölkədən çıxarma həyata keçirməyən dövlətlərdə yerləşdirməsinə səbəb ola bilər”.

Eyni zamanda kəşfiyyat xidmətinin rəhbəri Kristian Dusse "Tages-Anzeiger”ə müsahibəsində Cenevrənin Rusiyanın casusluq fəaliyyətinin mərkəzi olduğunu təsdiqləyib.

"Biz bilirik ki, burada onlarla agent fəaliyyət göstərir, onlar Rusiyanın diplomatik və konsulluq nümayəndəliklərində vəzifə tuturlar.

İsveçrə kəşfiyyatının məlumatına görə, Cenevrədə casusluq fəaliyyəti mühüm beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin, beyin mərkəzlərinin, tədqiqat institutlarının və transmilli korporasiyaların, o cümlədən əmtəə alverçiləri və maliyyə və digər xidmətlər göstərən şirkətlərin olması ilə bağlıdır. Bütün bu təşkilatlar kəşfiyyat orqanları üçün əhəmiyyətli olan böyük miqdarda məlumat istehsal edir.

Bundan əlavə, Cenevrə müntəzəm olaraq çoxlu sayda beynəlxalq sammit və konfranslara ev sahibliyi edir, dövlətlərarası danışıqlar və məsləhətləşmələrin keçirildiyi məkandır. İsveçrə kəşfiyyatının məlumatına görə, diplomat adı altında olan casuslar danışıqlarda iştirak edə və onlara birbaşa təsir göstərə bilər.

Xatırladaq ki, Kremlin Ukraynaya müdaxiləsindən sonra Avropa ölkələri səfirliklərdə diplomat adı altında işləyən yüzlərlə rus casusunu ölkədən çıxarıb.

Nizami Bağırov