Xəbər lenti

Siyasət 13:20 02.02.2023

Cənubi Qafqaz uğrunda savaş, ABŞ üçün son şans: Luis Bono regiona niyə göndərildi?

"Bononun bu vəzifəyə təyinatına ABŞ-ın bölgə ilə bağlı siyasətində son ümid yeri kimi baxmaq olar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Luis Bononun ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndə təyin edilməsini şərh edərkən deyib. Politoloqun fikrincə, yeni nümayəndə bölgə barədə geniş məlumata malikdir:
 
"ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilən Luis Bono peşəkardır. Cənubi Qafqaz üzrə müəyyən dərəcədə ixtisaslaşıb. Görünən odur ki, o, bölgə barədə geniş məlumata malikdir. ABŞ dövlətçilik ənənəsi olan, oturuşmuş dövlətdir. Bu baxımdan, Vaşinqton belə posta təsadüfi adamı göndərməz. 



Qərb Paşinyanın vasitəsilə hələlik Ermənistanı Rusiyanın əlindən qopara bilməyib. Bu mənada, indi döyüşə peşəkar diplomatlardan ibarət qocaları cəlb edirlər ki, həmin məsələni həll etsin. Luis Bonodan əvvəl təyin etdikləri şəxs heç bir real iş görə bilmədi. Ona görə də, Bonoya Amerikanın son ümid yeri kimi də baxmaq olar. 

Bu, ABŞ-ın son şansıdır. Onlar ya Qafqazı itirəcək, ya da qazanacaqlar. Ola bilsin ki, Bononun fəaliyyəti bölgə üçün daha uğurlu olacaq. Bütün bunları gələcək göstərəcək. Bu fonda hansısa başqa dövlətlərin maraqlarını müdafiə etməyimiz mümkünsüzdür”. 

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken çərşənbə günü xüsusi bəyanatla çıxış edərək, diplomat Lui Bononu Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Onun vəzifələrinə Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləyişini və Rusiyanın Gürcüstanın suveren ərazisinin iyirmi faizinin davam edən işğalını həll etmək daxildir.

Lui Bononun bu cür danışıqları aparmaq üçün zəngin təcrübəsi var. O, Beynəlxalq Atom Enerjisi Agentliyində və BMT-nin Vyana ofisində ABŞ nümayəndəsi, Müqəddəs Taxt-Tacdakı müvəqqəti işlər vəkili olub, həmçinin Milli Təhlükəsizlik Şurasında Bəsrə Regional Ofisinin direktoru və dövlət katibinin müavininin müşaviri və dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə müavini vəzifələrində çalışıb. O, West Point və Ordu Hərbi Kollecində təlimatçı olduğu ordu ehtiyatlarından təqaüdə çıxıb.

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->