Xəbər lenti

Çin casusluq üçün soyuducuları və modemlərə haker hücumu edir - KİV
Dünya 19:58 25.04.2026

Çin casusluq üçün soyuducuları və modemlərə haker hücumu edir - KİV

Adi ev modem və ya "ağıllı” soyuducu hakerlərin əlində silaha çevrilə bilər. Çin kəşfiyyatı dövlət qurumlarını izləmək və məxfi məlumatları ələ keçirmək üçün dünya üzrə məişət cihazlarını kütləvi şəkildə sındırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Materialda qeyd olunur ki, Çin hakerləri gündəlik istifadə olunan cihazlardan ibarət "nəhəng şəbəkələrdən” istifadə edir. Məlumata görə, Wi-Fi şəbəkəsinə qoşulan adi qurğular vasitəsilə onlar Qərb ölkələrinin "daxili infrastrukturuna və demokratik institutlarına” hücum edirlər.

Bu təhlükə barədə ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya və digər ölkələrin kəşfiyyat xidmətləri rəsmi şəkildə xəbərdarlıq edib.

Böyük Britaniyanın kibertəhlükəsizlik mərkəzinin məlumatına görə, Çin məişət texnikasından "strateji və genişmiqyaslı” şəkildə istifadə edir. Bunun üçün on minlərlə cihazdan ibarət xüsusi "bot-şəbəkələr” yaradılır və bu şəbəkələr gizli şəkildə məlumat oğurlaya bilir.

"Şəxsi evlərdə və bizneslərdə modem və ya soyuducuları sındırmaq asandır, çünki çox vaxt onların proqram təminatı yenilənmir. Şəbəkə avadanlıqları yalnız mürəkkəb hücumlar həyata keçirməyə deyil, həm də onları effektiv gizlətməyə imkan verir”, deyə Avropa kəşfiyyatının nümayəndəsi "Financial Times"a bildirib.

Qərb xidmətləri artıq Çinin əsas haker qruplarını müəyyən edib: "Volt Typhoon", "Flax Typhoon" və "Violet Typhoon". Ekspertlərin fikrincə, bu qruplar Çin ordusu ilə sıx əlaqəlidir. Qeyd olunur ki, Rusiya da oxşar fəaliyyət göstərməyə çalışır, lakin Çin bunu daha geniş miqyasda həyata keçirir.

Nəşrdə vurğulanır ki, bu cür hücumların əsas təhlükəsi hərbi və mülki sistemləri iflic edə bilməsidir. ABŞ kəşfiyyatının qənaətinə görə, bu addımlar gələcəkdə Çinin Tayvana mümkün hücumu halında ABŞ-ın operativ reaksiya verməsinin qarşısını almaq məqsədi daşıyır.

Aydın

--> -->