Xəbər lenti

Çinin
Foto 15:30 09.06.2025

Çinin "görünməz" gizli təyyarəsi ilk dəfə yaxın məsafədən göstərildi (FOTO)

Çinin sosial şəbəkələrində yeni nəsil taktiki döyüş təyyarəsi Chengdu J-36-nın indiyədək ən ətraflı fotosu yayımlanıb. 

Qaynarinfo xəbər verir ki, bu görüntüyə ABŞ-ın hərbi-analitik portalı "The War Zone” diqqət çəkib.

Məlumata görə, foto "Chengdu Aircraft Corporation" şirkətinin Çendu şəhərində yerləşən zavodunda çəkilib.

Əgər bu görüntü süni intellekt tərəfindən yaradılmayıbsa və real fotodursa, bu, J-36-nın iki nəfərlik kabinəyə malik olduğu barədə suallara qəti cavab verir. Pilot və operatorun yanaşı yerləşdirilməsi həqiqətən də təsdiqlənir. Bu cür konfiqurasiya əvvəllər ABŞ-ın F-111 və Rusiyanın Su-34 təyyarələrində də istifadə olunub.

Bundan başqa, fotoda daxili silah bölmələrinin açıq vəziyyətdə olduğu görünür. Güman edilir ki, mərkəzi bölmədə uzaqmənzilli "hava-yer” raketləri yerləşdiriləcək.

Təyyarənin dəqiq silahlanması hələ açıqlanmayıb, lakin ehtimal olunur ki, düşmən qırıcılarından müdafiə üçün "hava-hava” raketləri də daşıyacaq. Əlavə olaraq, bəzi animasiyalı təqdimatlarda J-36-nın hava hədəflərini lazerlə vurduğu göstərilib.

Ümumilikdə, təyyarənin ölçüləri onun taktiki bombardmançı (və ya ağır qırıcı-bombardmançı) olduğunu göstərir. Onun əsas vəzifəsi dəniz və quru hədəflərinə zərbə endirmək olacaq.

Ən mühüm xüsusiyyəti isə radarda az görünmə (stealth) texnologiyasıdır ki, bu da onun aşkarlanmasını son dərəcə çətinləşdirir.

Qeyd edək ki, "Chengdu J-36" Çinin döyüş aviasiyası sahəsindəki yeganə yeni layihə deyil. Maraqlı digər bir "görünməz” təyyarə isə şərti olaraq J-50 və ya J-XDS adlandırılan modeldir. Bu təyyarə altıncı nəsil qırıcı kimi təsnif edilir.

Aydın görünür ki, J-50 ölçü baxımından J-36-dan daha kiçikdir və iki mühərrikə malikdir (J-36-da isə üç mühərrik nəzərdə tutulub). Bəzi ekspertlərə görə, J-50-nin mühərrikləri yönəldilə bilən itələmə vektoruna sahib olacaq.

Mövcud fotolardan birində şassinin quruluşu, eləcə də hava qəbul edən kanallar və mühərrik çıxışları görünür. Təyyarənin pilotlu versiya olacağı güman edilir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->