Xəbər lenti

Dəhşətli Binəqədi qəzasının dərsləri: Qaydalara nə qədər əməl edilir? - Ekspert
Ölkə 13:35 08.09.2025

Dəhşətli Binəqədi qəzasının dərsləri: Qaydalara nə qədər əməl edilir? - Ekspert

Bakının Binəqədi rayonu ərazisində yerləşən Biləcəri körpüsündə baş verən ağır yol-nəqliyyat hadisəsi hər kəsi şoka salıb. Körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirərək aşağıdakı avtomobillərin üzərinə düşüb. Nəticədə 3 nəfər həlak olub.

Qəzadan sonra bir neçə versiya irəli sürülüb. Onlardan biri, sürücünün yuxulu olması, ikincisi sərxoş halda idarəetmə, üçüncüsü isə sürət həddini aşmadır.

İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin sürücüləri reysqabağı tibbi müayinədən keçməlidir. Qaydanın 3.6-cı bəndinə əsasən, reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmadığı təyin edilməlidir. 

Bəs, taksi, avtobus və yük maşınlarının sürücüləri hər gün belə müayinədən keçirmi?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasında sürücülərin tibbi müayinədən keçdiyini vurğulayıb:

"Ancaq bu o demək deyil ki, hamı müayinədən keçir və hardasa səhlənkarlıq yoxdur. Kimsə məsuliyyətsiz davrana bilər. Bu mümkündür”. 
 


Eldəniz Cəfərov bildirib ki, yol nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi yol hərəkəti iştirakçılarının özləri və bilərəkdən qayda pozan insanlardır:

"Bunu da ora aid etmək olar ki, müayinədən keçməlidir, amma keçməyib, yayınır. Belə şeylər də olur - biz müşahidə edirik, sürücülər sürət həddini çox aşır. Əgər yolda saatda maksimum sürət həddi 60 km.-dirsə, sürücülər 80-lə sürürlər. Məsələn, tunelə daxil olanda işıqları yandırmırlar, halbuku qanunvercilikdə bu tələb var. Dönmə əməliyyatları edəndə  dönmə işıqlarını yandırmır, işıq cihazlarından istifadə etmirlər. Digər yol hərəkəti iştirakçıları bundan məlumatsız olur, bu da qəzaya gətirib çıxardır. Belə elementar qayda pozuntuları var. Xüsusən də bilərəkdən qayda pozuntularının səbəbi belə qəzalara gətirib çıxarır. Qaranlıq yollar, yol infrastrukturunun yaxşı olmaması da qəzaya səbəb ola bilər”. 

Eldəniz Cəfərovun fikirincə, diqqətin yayınması, telefonla danışmaq, yazışmaq, gedəcəyi yolu telefonla idarə etmək və s. kimi hallar da sürücünün diqqətini yayındırır:

"Nəticədə isə qəza halları baş verir”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->