XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Dərsliklərin dili ağır və akademikdir" - Təhsil eksperti
Ölkə14:14 18.09.2026

"Dərsliklərin dili ağır və akademikdir" - Təhsil eksperti

Hər tədris ili başlayanda şagird və valideynlərin qarşılaşdığı əsas problemlərdən biri də dərsliklərlə bağlı olur. Xüsusilə dərsliklərdəki məzmun, dilin ağırlığı, texniki səhvlər və şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluq məsələləri yenidən gündəmə gəlir.

Bəs dərsliklərlə bağlı hər il yaranan bu problemlər niyə həll olunmur?

Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, dərslik problemi hər il müzakirə olunsa da, əsas məsələlərdən biri kimi həllini tapmamış qalır:

“Ümumiyyətlə, yeni tədris ili başlayan kimi üzə çıxan bir neçə problem varsa, onlardan biri də məhz dərsliklər problemidir. Təsəvvür edin, biz tədris ili başlayan kimi ən çox və ən tez, ən sürətlə üzə çıxan beş problemin reytinqini tutsaq, ilk, ikinci və ya üçüncü yerdə mütləq bu dərsliklər problemi olacaqdır.

Bu hər il belədir. Problem odur ki, hər il yenə müəyyən müddət ərzində müzakirə olunur. Ya sosial şəbəkələr kontekstində, ya media kontekstində bir neçə mütəxəssis, bir neçə təhsil adamı bu barədə danışır. Sonra gündəm selinin, informasiya selinin içərisində əriyib gedir, müzakirə olunur vəssalam. Problem isə şagirdlərə, valideynlərə və müəyyən qədər də müəllimlərə qalır”.

Ekspertin sözlərinə görə, dərsliklərlə bağlı problemlərə yanaşma da dəyişməlidir:

“Ümumiyyətlə, bu təhsil konsepsiyasını biz nəyə görə tam olmasa da, qismən düzəldə bilmirik? Bəlkə düzəlişlər gedir, bəlkə həqiqətən də bu ilki dərsliklərlə ötənki dərsliklər arasında müsbət istiqamətdə fərqlər var. Amma bunlara toxunulmur, həmin gözə batan məsələlər ön plana çıxır”.

Elmin Nuri hesab edir ki, dərslik problemi dedikdə əsas diqqət yalnız texniki səhvlərə yönəldilməməlidir:

“Bizim dərsliklərdə xəta, dərsliklərdə problem anlayışımız bir qədər fərqlidir. Məsələn, tarix kitabında hər hansı bir döyüşün ili, ana dili kitabında bir mövzu ilə bağlı bir cümlədə xəta gördüksə, biz bunu dərslik problemi hesab edirik. Bəli, bu da problemdir, amma bu, texniki xətadır. Bu qədər ciddi problem deyil”.

Ekspert əsas problemin dərsliyin şagirdin düşüncə tərzinə və yaş xüsusiyyətlərinə uyğun olmaması olduğunu vurğulayıb:

“Ən böyük problem nədir, bilirsinizmi? Həmin dərsliyin şagird zehni ilə dost ola bilməməsi, həmin dərsliyin dilinin ağırlığının şagird zehniyyətindən üst səviyyədə olmasıdır.

Məsələn, yeddinci sinfin riyaziyyat, ədəbiyyat, tarix, fizika və digər dərslikləri həmin sinifdə oxuyan uşaqlarla bir illik yol gedəcək. Obrazlı desək, çiyin-çiyinə addımlayacaqlar. Amma çiyin-çiyinə addımlamalı olan vəsait uşağın özünü aşır keçir. Uşaq ona bir ağırlıq qüvvəsi kimi baxır.

Mən şəxsən ağırlıq qüvvəsi kimi gördüyüm bir nədənsə, bir obyektdən faydalana bilmərəm. Məsələ bundan ibarətdir”.

Elmin Nuri bildirib ki, dərsliklərin dili də şagirdlərin yaş və qavrama xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır:

“Dil ağırdır, akademikdir. Şagird zehni üçün yönəlik, onun imkanları üçün uyğunlaşdırılmış detallar azdır. Oyun əsaslı mexanizmlər, "niyə?’"sualının maraqlı transformasiyası dərsliklərdə yoxdur”.

Ekspert əlavə edib ki, dərslik problemi barədə çoxsaylı müzakirələr aparılsa da, məsələnin mahiyyətinə hər zaman toxunulmur:

“Mən bəzən yazılanlara, televizora baxıram, verilişlər edirlər, qalaq-qalaq dərslik problemindən danışırlar. Ekspertlər deyir ki, bəli, dərsliklərin problemi var, dərsliklərin çəkisi ağırdır. Onlar problem kimi bunu görür, Bəli, bu daproblemdir, lakin 15-ci, 25-ci dərəcəli bir problemdir.

Biz özümüzə sual verməliyik ki, nə üçün təhsilin inkişaf etdiyi ölkələrdə dərsliklərin inteqrasiyası gedir. Məsələn, fizika, kimya, biologiya kimi təbiət yönümlü üç fənn inteqrasiya olunur.

Onlar birləşir və şagirdin praktiki inkişafı üçün lazımi kiçik proqram əsasında vahid dərsliyə çevrilir. Şagird bu istiqamətdə biliklərə sahib olmaq üçün ağır fizikanı, ağır kimyanı, biologiyanı əzbərləmir. Həmin praktiki vəsaiti mənimsəyir və ona bu kifayət edir.

Bax, problem budur. Biz bunu nə zaman həll edəcəyik? Bu suala cavabı isə mən soruşuram”.

Günay İlqarqızı