Xəbər lenti

Siyasət 10:44 08.02.2024

Demokratik İslahatlar Partiyası seçkilərdə qələbə münasibətilə İlham Əliyevi təbrik etdi

Demokratik İslahatlar Partiyası seçkilərdə qələbə münasibətilə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevi təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, Azərbaycanda keçirilən bələdiyyə, parlament seçkilərində müşahidəçi və namizədlə, Prezident seçkilərində isə müşahidəçi qismində iştirak edərək böyük seçki təcrübəsi qazanmış Demokratik İslahatlar Partiyası 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərində də öz müşahidə missiyası ilə yaxından iştirak edib. Bütün ölkə ərazisində və bir sıra seçki dairələrində, həmçinin onlarla seçki məntəqəsində müşahidələr aparan partiyanın üzvləri seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyi haqda qeydlərini partiyanın rəhbərliyi ilə bölüşüb. Bununla yanaşı, səsvermə prosesi birbaşa partiyanın qərargahından onlayn şəkildə də müşahidə edilib və veb-kameralar qurulmuş məntəqələrdəki səsvermə haqqında qeydlər ümumiləşdirilib.

"Demokratik İslahatlar Partiyasının yekdil qərarına əsasən bildiririk ki, 7 fevral tarixli Prezident seçkiləri sakit məcrada keçmiş, səsvermə məntəqələrinə sərbəst giriş tam təmin edilmiş, seçicilərin qeydiyyatı ilə bağlı proses boyu hansısa narahatlıq yaşanmamışdır. Bütün səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçmiş, səslərin sayılması açıq və şəffaf təşkil olunmuş, heç bir problem qeydə alınmamışdır. Hər bir seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək dairə səviyyəsində mərkəzi qərargaha göndərilmişdir. Məntəqələrdəki və dairələrdəki səsvermə sayını özündə əks etdirən protokolların nümunələri seçki bitəndən dərhal sonra müvafiq lövhələrdən asılmış və müşahidəçilərə təqdim olunmuşdur.

Seçki öncəsi prosesdə namizədlər üçün yaradılmış demokratik şərait və imkanlar da Demokratik İslahatlar Partiyası tərəfindən təqdir olunmuş, namizədlərin təbliğat və təşviqat kampaniyası demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirilmişdir.

Seçkidə Azərbaycan xalqı öz iradəsini ifadə edərək ölkəsinə qələbələr qazandıran İlham Əliyevi yenidən ölkə Prezidenti seçmişdir. Xalqın seçim azadlığının göstəricisi olan bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirik", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->