İdman 11:14 02.11.2023

Di Maria Messiyə görə alman əfsanəyə sərt cavab verdi

Lionel Messinin yaxın dostu Anhel Di Maria Almaniya millisinin keçmiş üzvü Lotar Mateusun Messi haqda danışdığı sözlərə sərt reaksiya verib.

Qaynarinfo-nun məlumatına görə, alman futbolunun əfsanəsinin sözlərinə dərhal cavab verən Di Maria sosial şəbəkə paylaşımında, "Get başqa yerdə ağla" - yazıb. 

Messinin səkkizinci dəfə "Qızıl top"u qazanmasını aşağılayan Mateus bunu cəfəngiyyat hesab edib və mükafata "Mançester Siti”nin ulduzu Erlinq Halandın layiq olduğunu vurğulayıb. O, açıqlamasında, "Mənim üçün Haaland son on iki ayın ən yaxşı oyunçusudur. O, "Mançester Siti" ilə böyük çempionluqlar qazanıb və bu müddətdə qol rekordları qırıb. Mənim üçün Halanddan başqası yoxdur. Messi fanatı olsam da, bu seçim tamamilə cəfəngiyyatdır. Messi bu qələbəyə layiq deyil. Amma bu, dünya çempionatının hər şeydən vacib olduğunu göstərir. Haland bütün ilboyu Messidən daha yaxşı çıxış etdi" - sözlərini söyləyib.

Mateus da 1990-cı ildə  Almaniya ilə dünya çempionatını qazandıqdan sonra "Qızıl top"a layiq görülmüşdü. O, həmçinin 2020-ci ildə mükafatı qazanan ən yaxşı oyunçulardan ibarət "Qızıl top"u qazananların xəyali komandasına daxil edildi.

Səbuhi Həsənov