Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin müraciətinə mənfi cavab verilib. İmtina qaz təchizatı layihələrinin yoxlanılması və razılaşdırılması prosesinin ödənişli formada həyata keçirilməsi istəyi ilə əlaqədar olub.
Qaynarinfo xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, sözügedən müraciətdə sifarişçi və ya podratçı tərəfindən təqdim edilən qaz təchizatı layihələrinin qanunvericiliyin və texniki şərtlərin tələblərinə uyğunluğunun yoxlanılması, razılaşdırılması və qeydiyyata alınması xidmətlərinin ödənişli əsaslarla göstərilməsi xahiş olunub.
Agentlik məsələni hərtərəfli araşdırıb və yekunda həmin fəaliyyətə razılıq verməmək barədə qərar qəbul edib. Bununla belə, "Azəriqaz" İB-nin digər müraciətlərinə müəyyən şərtlər çərçivəsində müsbət yanaşılıb.
Qaz xətlərinin (o cümlədən qapı keçidləri, yeraltı və yerüstü yol keçidləri) yerinin dəyişdirilməsi xidmətlərinin ödənişli əsaslarla icra edilməsi mümkün olacaq. Sənaye tipli qaz sayğaclarının ilkin quraşdırılması, növbədənkənar dövlət yoxlanışına göndərilməsi məqsədilə şəbəkədən ayrılması, qablaşdırılması, daşınması və digər əlaqədar xidmətlərin qiymətlərinə daxili əmr əsasında, konkret şərtlərlə razılıq verilib.
Eyni zamanda, Naxçıvan Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin "Azəriqaz"ın balansına verilməsi prosesi tam razılıqla həyata keçiriləcək. 2025-ci il ərzində təbii inhisar subyektlərinin müxtəlif hərəkətlərinə razılıq almaq məqsədilə agentliyə ümumilikdə 20 müraciət daxil olub. Daxil olan müraciətlərdən 12-si birbaşa təsdiqlənib, 6-sına isə müəyyən şərtlər daxilində razılıq verilib. Bir müraciətə razılıq verilməsindən imtina edilib, digər bir müraciət üzrə isə araşdırma işləri davam etdirilir.
Şərhlər