Xəbər lenti

Dövlət Komitəsi adı sənəd saxtalaşdırılmasında hallanan şirkətə tender verdi
Ekonomiks 17:18 07.04.2026

Dövlət Komitəsi adı sənəd saxtalaşdırılmasında hallanan şirkətə tender verdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Kaspian Standart" MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2026-ci il 14 aprel tarixində Bakı şəhərində keçiriləcək AQEM (CİCA) Qadınlar Şurasının ilk təsis toplantısı üzrə tədbirlərin təşkili nəzərdə tutulur. 

Müqavilənin maliyyə dəyəri 125 249,92 manat təşkil edir. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Kaspian Standart" MMC 17 mart 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəov küçəsi, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nəsrullayev Fuad Nazim oğludur. 

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. 

Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardımız araşdırma zamanı məlum olub ki, "Kaspian Standart” ən müxtəlif satınalma predmetləri üzrə keçirilən tenderlərin qalibi seçilib. Bu sıraya inşaat işləri,  kitabların, dəftərxana və təsərrüfat mallarının satışı, regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsinin aparılması məqsədilə araşdırma və təhlilin aparılması daxildir. 

Bundan başqa, 2022-ci ildə "Kaspian Standart" MMC-nin adı dövlə satınalmaları ilə bağlı sənədlərin saxtalaşdırılmasında hallanıb.

Seyid
--> -->