Xəbər lenti

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı
Dünya 15:17 15.06.2025

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Yer üzündəki qızılın böyük hissəsi konsentrləşmiş yataqlarda deyil, seyrək şəkildə yayılıb. İnsanlar isə artıq çıxarıla bilən ehtiyatların mühüm hissəsini əldə ediblər.

Qaynarinfo-nun "Live Science" nəşrinə istinadən məlumatına görə, ABŞ Geoloji Xidməti (USGS) bildirir ki, tarixboyu insanların dağ süxurlarından və çaylardan ümumilikdə 206 min ton qızıl çıxardığı təxmin edilir. Digər məlumatlara görə isə bu göstərici daha yüksəkdir - Dünya Qızıl Şurasının hesablamalarına əsasən, bu günədək 238 391 ton qızıl hasil olunub.

Bu qızılın təxminən:

* 45 faizi zinət əşyalarının hazırlanmasına sərf olunub;
* 22 faizi qızıl külçələr və sikkələr şəklində şəxsi kolleksiyalarda saxlanılır;
* 17 faizi isə dünya ölkələrinin mərkəzi banklarında ehtiyat kimi qorunur.

USGS-nin son hesabatında qeyd olunur ki, dünyada iqtisadi baxımdan çıxarılması mümkün olan 70 550 ton qızıl hələ də yerin dərinliklərində mövcuddur. Ən böyük çıxarılmamış ehtiyatlar Rusiya, Avstraliya və Cənubi Afrikada yerləşsə də, 2024-cü ildə ən çox qızıl hasil edən ölkə Çin olub.

Dünya Qızıl Şurasının məlumatına əsasən, qlobal ehtiyatlar 60 370 ton, potensial resurslar isə təqribən 145 626 ton səviyyəsində qiymətləndirilir. Bu göstəriciləri birləşdirərək USGS və Dünya Qızıl Şurası alimləri belə qənaətə gəlirlər ki, insan tərəfindən yaradılmış obyektlərdə və məlum geoloji yataqlarda ümumilikdə 277 000-299 000 ton arası qızıl mövcuddur.

Bundan əlavə, Kaliforniya Berkli Universitetinin alimlərinin məlumatına görə, qızıl hissəcikləri və xırda samorodoklar yer qabığında demək olar hər yerdə rast gəlinir. Xüsusilə, dəniz suyunda və maqmatik süxurlarda bu cür izlər çox yayılıb. Yer qabığında qızılın konsentrasiyası orta hesabla milyarda 4 hissə, yəni bir ton süxurda təxminən 0,004 qram təşkil edir. Bütün bu dağınıq hissəciklərin cəmi 441 milyon ton qızıl edərdi - ancaq bu, hələ son deyil.

Geoloqlar bildirirlər ki, planetin nüvəsində Yerdəki qızılın 99 faizi yerləşir. Bu qədər qızıl, nəzəri cəhətdən, Yer səthini 0,5 metr qalınlığında qızıl təbəqə ilə örtməyə kifayət edərdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->