Ölkə 20:56 21.05.2023

Əhməd Obalı və oğlu ABŞ-də vəhşicəsinə döyüldü (FOTO)

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.

Bunu Günaz.TV-nin Bakı ofsinin rəhbəri Araz Obalı APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib.

"Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hal-hazırda durumu orta-ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik".

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir.

Araz Obalı onu da əlavə edib ki, polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib, ancaq onların sayı barədə məlumat verilməyib.

Qardaşı Araz Obalı hazırda xəstəxanada olan Əhməd Obalınln son durumu barədə APA-ya danışıb.

O, Əhməd bəyin vəziyyəti qənaətbəxş olduğunu deyib: "Həyati təhlükəsi yoxdur. Ümumi diaqnoz ondan ibarətdir ki, sağ əlinin barmaqları qırılıb. Əl və ayaqlarını hiss etmir, demək olar ki. Həmçinin baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb. Fikrimizcə, boynunu sındırmaəa cəhd ediblər", - deyə o bildirib.