Xəbər lenti

Əkilən ağacın taleyi:
Ölkə 14:30 06.08.2026

Əkilən ağacın taleyi: "Əsas məsələ əkmək deyil, yaşatmaqdır"

(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə hazırlanıb)

"Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin Qaynarinfo-ya müsahibəsi:

- Hər dəfə Bakıdan rayonlara gedəndə yolboyu salınmış meşələri, əkilmiş ağacları görürük. Amma bir il sonra eyni marşrutla hərəkət edəndə həmin ağacların əksəriyyətinin quruduğunun şahidi oluruq. Əgər onları yaşada bilməyəcəkdiksə, niyə əkirik?

- Müstəqilliyin ilk illərində istər Bakıda, istərsə də bölgələrdə meşələrə və yaşıllıqlara münasibət ürəkaçan deyildi. Çoxillik ağaclar kəsilir, onların yerində göydələnlər, iaşə və digər kommersiya obyektləri tikilirdi. Son illərdə isə bu mənzərə xeyli dəyişib. Həm qanunvericilik sərtləşdirilib, həm də dövlət qurumları və vətəndaş cəmiyyəti institutları  genişmiqyaslı ağacəkmə kampaniyaları həyata keçirirlər. Cəmiyyətdə də yaşıllığın əhəmiyyəti ilə  bağlı müsbət düşüncə formalaşır. Son 15 ildə Bakı və Abşeron yarımadasında minlərlə  hektar ərazidə yaşıllaşdırma layihələri həyata keçirilib, yeni meşə massivləri salınıb. Məsələn, Müşfiqabad qəsəbəsi ərazisində təşkil olunan aksiyalarda dəfələrlə iştirak etmişəm. Təkcə 5 hektarlıq sahədə 5 mindən çox ağac əkilib. Bu cür təşəbbüslər, əlbəttə ki, təqdirəlayiqdir. Azərbaycanın belə layihələrə üstünlük verməsinin beynəlxalq öhdəlikləri də var. Ölkəmiz 2015-ci ildə qəbul edilmiş Paris İqlim Sazişinə qoşulub və istixana qazı emissiyalarının azaldılması istiqamətində öhdəlik götürüb. Meşələr karbon qazını udaraq iqlim dəyişikliklərinin təsirinin azaldılmasında mühüm rol oynayır. Bununla yanaşı, havanı tozdan və zərərli hissəciklərdən təmizləyir, torpağı eroziyadan qoruyur, su ehtiyatlarının formalaşmasına və biomüxtəlifliyin saxlanmasına xidmət edir. Minlərlə bitki və heyvan növünün yaşayış mühiti olan meşələr ekoloji tarazlığın əsas dayaqlarındandır. Onlar həm də şəhərlərdə və kəndlərdə temperaturun tənzimlənməsinə kömək edir, isti hava dalğalarının təsirini zəiflədir.

Bu baxımdan yeni meşə sahələrinin salınması son dərəcə vacibdir. Ancaq əsas məsələ ağac əkmək deyil, onun yaşamasını təmin etməkdir. Məşhur filmdə deyildiyi kimi, "Əkmisənsə, qorumalısan". Yolboyu əkilən tinglərin əhəmiyyətli hissəsinin qısa müddətdə quruması göstərir ki, əkin prosesi ilə yanaşı, sonrakı qulluq, müntəzəm suvarma və nəzarət də eyni dərəcədə vacibdir. Axı hər bir ting dövlət vəsaiti, insan əməyi və su ehtiyatı deməkdir. Rayonlara səfər zamanı yolboyu salınmış yaşıllıqları görmək sevindiricidir. Bu yaşıllıqlar həm ətraf mühitin mühafizəsinə, həm də landşaftın estetik görünüşünə xidmət edir. Təəssüf doğuran isə odur ki, bir müddət sonra həmin ağacların əhəmiyyətli hissəsinin quruduğunu müşahidə edirik. İnkişaf etmiş ölkələrdə yaşıllaşdırma layihələrinin uğuru məhz tinglərin yaşama faizi ilə qiymətləndirilir. Çünki məqsəd birdəfəlik ağacəkmə aksiyası keçirmək deyil, uzunömürlü və davamlı yaşıllıq yaratmaqdır. Ağacların qurumasının isə müxtəlif səbəbləri var...
 


- Məsələn..

- Bəzən əraziyə uyğun olmayan ağac növləri seçilir. Bəzən isə əkin üçün münasib mövsüm düzgün müəyyənləşdirilmir. Suvarma sistemi lazımi səviyyədə qurulmur və ya sonrakı aqrotexniki qulluq kifayət qədər təmin edilmir. Torpağın xüsusiyyətləri, iqlim şəraiti və su təminatı nəzərə alınmadıqda tinglərin yaşama faizi xeyli aşağı düşür. Xüsusilə iqlim dəyişikliklərinin təsirlərinin gücləndiyi indiki dövrdə ağacəkmə işlərinə daha məsuliyyətlə yanaşmaq tələb olunur. Ən azı ilk iki-üç il ərzində tinglər müntəzəm suvarılmalı, aqrotexniki qulluq göstərilməli, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə aparılmalı, quruyan tinglər isə vaxtında yenilənməlidir. Hər yaşıllaşdırma layihəsi üzrə tinglərin yaşama faizi mütəmadi qiymətləndirilməli və nəticələr ictimaiyyətə açıqlanmalıdır. Digər mühüm məsələ isə yerli iqlim və torpaq şəraitinə uyğun ağac növlərinin seçilməsidir.

- Ağaclar necə seçilməlidir?

- Quraqlığa davamlı, az su tələb edən və ərazinin torpaq-iqlim xüsusiyyətlərinə uyğun növlərin seçilməsi həm xərcləri azaldır, həm də tinglərin yaşama ehtimalını əhəmiyyətli dərəcədə artırır.

- Ağacların qurumaması üçün qulluq necə təşkil olunmalıdır?

- Mərhum Prezident Heydər Əliyev çıxışlarının birində qeyd edirdi ki, 1970-ci illərdə Bakıda yaşıllıq çox az idi. İməciliklər təşkil edildi, geniş yaşıllaşdırma aksiyaları keçirildi və qısa müddətdə böyük meşə massivləri salındı. Lakin yaxşı bilinirdi ki, Abşeronda hər ağac növü bitmir və əkilən tinglərə xüsusi qulluq lazımdır. Bu məqsədlə xüsusi əməkdaşlar ayrılır, onlar mütəmadi olaraq ağaclara qulluq göstərirdilər. Hesab edirəm ki, həmin yanaşma bu gün də davam etdirilməlidir. Bəziləri düşünür ki, ağacı əkdikdən sonra o, öz-özünə inkişaf edəcək. Əslində isə belə deyil. Yeni əkilmiş tinglərin ən azı iki-üç il ərzində müntəzəm qulluğa ehtiyacı var. Bu dövr kök sisteminin torpağa uyğunlaşdığı ən həssas mərhələdir.

Tinglər xüsusilə yay aylarında və quraqlıq dövründə müntəzəm suvarılmalıdır. Köklərin hava almasını və torpaqda rütubətin saxlanmasını təmin etmək üçün dibi vaxtaşırı yumşaldılmalı, alaq otları təmizlənməlidir. Torpağın tərkibindən asılı olaraq bitkiyə zəruri qida maddələri verilməli, zərərvericilərə və xəstəliklərə qarşı vaxtında mübarizə aparılmalıdır. Tinglər daimi nəzarətdə saxlanmalı, heyvanlardan, güclü küləkdən və insan təsirindən qorunması üçün dayaqlardan, zərurət olduqda isə mühafizə hasarlarından istifadə edilməlidir. Quruyan tinglər vaxtında yeniləri ilə əvəz olunmalıdır.

Birinci il qulluq daha intensiv aparılmalı, ikinci və üçüncü illərdə isə ağacın inkişaf dinamikasına uyğun davam etdirilməlidir. Bundan sonra kök sistemi kifayət qədər möhkəmlənən ağaclar təbii şəraitə daha yaxşı uyğunlaşır və əlavə qulluq ehtiyacı əhəmiyyətli dərəcədə azalır.

- Ağaclar hansı torpaqlarda əkilməlidir? Bəlkə problem əkin sahəsinin düzgün seçilməməsidir?

- Bitkilərin yaşama faizinə təsir edən əsas amillərdən biri əkin sahəsinin düzgün seçilməsidir. Hər ağac növü istənilən torpaqda və iqlim şəraitində inkişaf edə bilmir. Əkinə başlamazdan əvvəl torpağın tərkibi, şoranlıq səviyyəsi, qrunt sularının dərinliyi, külək rejimi, yağıntının miqdarı və suvarma imkanları mütləq öyrənilməlidir. Azərbaycan müxtəlif iqlim qurşaqlarına malik ölkədir. Abşeron yarımadasının quru, küləkli və şoran torpaqları ilə Böyük Qafqazın dağətəyi rayonlarının təbii şəraiti tamamilə fərqlidir. Buna görə də bir bölgədə uğurla yetişən ağac növünü başqa ərazidə eyni nəticə ilə yetişdirmək həmişə mümkün olmur. Ağac növləri mütləq yerli təbii şərait nəzərə alınmaqla seçilməlidir. Digər mühüm məsələ su təminatıdır. Son illərdə ölkəmiz su qıtlığının və iqlim dəyişikliklərinin təsirlərini daha kəskin hiss edir. Yeni əkilən tinglərin ilk illərdə müntəzəm suvarılması həyati əhəmiyyət daşıyır. Əgər əkin aparılan ərazidə dayanıqlı su mənbəyi və ya damcı suvarma sistemi yoxdursa, layihənin uğurlu olacağına zəmanət vermək çətindir. Bəzi hallarda əvvəlcə suvarma infrastrukturu yaradılmalı, yalnız bundan sonra genişmiqyaslı ağacəkmə işlərinə başlanmalıdır.

- Yolkənarı yaşıllaşdırma layihələrinin xüsusi əhəmiyyəti nədən ibarətdir?

- Magistral yolların kənarında güclü külək, yüksək temperatur, avtomobillərin yaratdığı toz və atmosfer çirkliliyi ağaclar üçün əlavə stress amilləridir. Buna görə də belə ərazilərdə yalnız həmin şəraitə davamlı ağac və kol növləri seçilməli, xüsusilə ilk illərdə onların intensiv qulluğu və müntəzəm suvarılması təmin edilməlidir.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->