Xəbər lenti

Ekspert:
Ölkə 15:55 24.07.2026

Ekspert: "Peşə təhsili mərkəzləri yalnız regionun əmək bazarı üçün işləməməlidir"

(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb.)

Azərbaycanda yeni peşə təhsili müəssisələrinin yaradılması regionlarda ixtisaslı kadr hazırlığının gücləndirilməsi baxımından mühüm addım hesab olunur. Bu müəssisələrin əsas məqsədlərindən biri əmək bazarının tələbatına uyğun mütəxəssis hazırlamaq olsa da, bəzi hallarda regionların real kadr ehtiyacının tam qarşılanmadığı ilə bağlı fikirlər səsləndirilir.

Qaynarinfo-ya danışan təhsil eksperti Elmin Nuri bildirib ki, peşə təhsili müəssisələrinin fəaliyyətinə bu məsələdə daha geniş prizmadan yanaşmaq lazımdır.

Onun sözlərinə görə, hər hansı regionda fəaliyyət göstərən peşə təhsili mərkəzinin yalnız həmin ərazinin əmək bazarının tələbatına uyğun işləməsi düzgün yanaşma deyil:

"İxtisasların və onların bölgüsünün müəyyənləşdirilməsi zamanı regionun əmək bazarının ehtiyacları nəzərə alınır və bu, icra prosesində də öz əksini tapır. Lakin bu, peşə təhsili mərkəzinin fəaliyyətinin tamamilə yerləşdiyi regionun əmək bazarı ilə məhdudlaşdırılması demək deyil. Məsələn, İsmayıllı və ya Qəbələ Peşə Təhsili Mərkəzlərində tədris olunan ixtisaslar yalnız həmin bölgələr üçün nəzərdə tutula bilməz. Burada kompüter qrafikası, dizayn və digər ixtisaslar üzrə təhsil alanlar ölkənin müxtəlif bölgələrindən ola bilərlər".
 


Ekspert hesab edir ki, regionlarda fəaliyyət göstərən peşə təhsili mərkəzlərinin həmin ərazilərin iqtisadi profillərinə uyğun daha çox ixtisaslaşması məntiqli yanaşmadır:

"Bununla belə, bu modelin praktik baxımdan nə dərəcədə səmərəli olacağı və buna real ehtiyacın olub-olmadığı barədə qəti fikir bildirmək çətindir".

Elmin Nuri vurğulayıb ki, Qəbələ, Lənkəran, Cəlilabad və digər bölgələrdə fəaliyyət göstərən peşə təhsili mərkəzləri yalnız həmin ərazilərin sakinləri üçün nəzərdə tutulmamalıdır:

"Ölkənin istənilən bölgəsindən olan gənclər bu müəssisələrdə eyni imkanlarla təhsil ala bilməlidirlər. Əsas diqqət peşə təhsili müəssisələrinin profilləşməsinə yönəldilməlidir. Hazırda ölkədə bu istiqamətdə kifayət qədər ixtisaslaşmış peşə təhsili müəssisələri yoxdur. Məsələn, müəyyən regionda yalnız bağçılıq və aqronomiya və ya yalnız informasiya texnologiyaları istiqaməti üzrə fəaliyyət göstərən peşə təhsili mərkəzlərinin yaradılması daha məqsədəuyğun ola bilər. Kompüter qrafikası, veb dizayn və kibertəhlükəsizlik kimi ixtisaslar üzrə ayrıca profilli peşə təhsili müəssisələrinin fəaliyyət göstərməsi tələbələrin seçdikləri sahənin mühitinə daha tez uyğunlaşmasına kömək edər. Hazırda isə bir peşə təhsili mərkəzində həm aşpazlıq, həm də informasiya texnologiyaları istiqamətində ixtisasların tədris olunması tələbələrin peşə mühitini formalaşdırmasını çətinləşdirə bilər".
 
Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->