"Azərbaycanda iqtisadi artım tempinin aşağı düşməsi struktur islahatların və investisiyaların artırılmasını zəruri edir".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə "2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, dövlət büdcəsi makroiqtisadi sabitlik şəraitində icra olunsa da, iqtisadi artım tempində ciddi zəifləmə müşahidə olunur.
"Ümumi daxili məhsulun artım tempi proqnozlaşdırılan səviyyədən xeyli aşağı olub. Bu, əsasən neft sektorundakı azalma ilə izah edilir. Ancaq bu ilin yanvar-may aylarında da iqtisadi artım tempi aşağı düşüb. Qeyri-neft sektorunda artım cəmi 0,4 faiz təşkil edib. Bu, artıq ciddi siqnaldır”, deputat qeyd edib.
Əli Məsimli investisiyaların azalmasının iqtisadi artıma mənfi təsir göstərdiyini vurğulayıb:
"Azərbaycanda investisiyaların səviyyəsi ümumi daxili məhsulun 13 faizindən də aşağı düşüb. Bu göstərici ilə sürətli və dayanıqlı iqtisadi artıma nail olmaq mümkün deyil. İnvestisiyaların ÜDM-də payını ən azı 25 faizə çatdırmaq lazımdır ki, iqtisadi artıma ciddi təkan verilsin".
Deputatın sözlərinə görə, dövlət investisiyaları iqtisadi inkişaf üçün mühüm rol oynasa da, artımın yeganə mənbəyi hesab edilə bilməz:
"Dövlət investisiyaları iqtisadi artıma təsir göstərir, amma yüz faiz müəyyənedici amil deyil. İndiki dövrün tələblərinə uyğun olaraq bir sıra istiqamətlərdə islahatların sürətləndirilməsinə ehtiyac var".
Əli Məsimli qeyri-neft sektorunun maliyyələşdirilməsi üçün yeni mexanizmlərin yaradılmasını da təklif edib.
"Qeyri-neft sektorunda artımın 0,4 faiz olması maliyyə və kredit siyasətində əlavə tədbirlərin görülməsini tələb edir. Ağır Sənaye Bankı və İnnovasiya İnkişaf Bankı kimi ixtisaslaşmış maliyyə institutlarının yaradılması və ya bu funksiyaların mövcud banklar vasitəsilə həyata keçirilməsi faydalı ola bilər”, deyə deputat bildirib.
O, çıxışında elm və texnologiyaların maliyyələşdirilməsi məsələsinə də toxunaraq Prezidentin bu sahə ilə bağlı fikirlərini xatırladıb:
"Prezident İlham Əliyev qeyd edib ki, təbii sərvətlər tükənən sərvətlərdir, tükənməz sərvət isə intellektual potensialdır. Bu baxımdan elmə və texnologiyalara daha çox sərmayə yatırılmalıdır".
Deputatın sözlərinə görə, hazırda Azərbaycanda elmə ayrılan vəsait ÜDM-in təxminən 0,4 faizinə bərabərdir:
"Elm sahəsində çalışanların əməkhaqları ölkə üzrə orta əməkhaqqından 1,3-1,4 dəfə aşağıdır. Elmi-tədqiqat müəssisələrinin maliyyələşdirilməsi artırılmalı, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır".
Vüqar
Şərhlər