Siyasət 19:55 17.09.2022

Ərdoğanın ABŞ səfərindən gözləntilər nədir? (ŞƏRH)

"Yalnız ikinci dərəcəli məsələlərdə razılıq əldə oluna bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyə Prezidenti Ərdoğanın ABŞ-a sentyabrın 17-dəm 22-dək ABŞ-a olacaq səfərinə münasibət bildirərkən deyib:
 


"Bu səfərin əsas qayəsi BMT Baş Assambleyasında iştirakla bağlıdır. Amma son dövrlər, xüsusən Yunanıstan ətrafında cərəyan edən hadisələr, Ukrayna-Rusiya müharibəsi, Ermənistanın genişmiqyaslı təxribatlarından sonra Azərbaycanın qətiyyətli cavab zərbəsi endirməsi istər-istəməz Vaşinqton-Ankara müzakirələrinin gündəmində olacaq. Bununla belə, həmin görüşün gündəliyi daha geniş olacağını düşünürəm. ABŞ-la Türkiyə arasında hərbi, siyasi, geosiyasi, iqtisadi məsələlər də müzakirə olunacaq. F-16 və F-35-lə bağlı məsələ hələ də açıqdır. NATO-ya yeni üzvlərin qəbulu məsələsində də Türkiyə ilə ABŞ arasında müəyyən fikir ayrılığı mövcuddur. Bütün bu məsələlər Ərdoğanın Amerika səfərində müzakirə olunacaq başlıca məsələlərdir. Amma bütün müzakirələrin bu masa arxasında öz müsbət həllini tapacağı düşüncəsində deyiləm. Çünki bu məsələlər dərin və fundamental dövlət maraqları olan ölkələrin geosiyasi maraqlarından doğan ziddiyyətlərdir”. 

Ekspert qeyd edir ki, tərəflər daha çox uzlaşmaya nail olmağa çalışacaq: 

"Amerikanın kürd qruplaşmalarına dəstəyi də müzakirə olunacaq. Görüşlərdə dediyim istiqamətlərdə prinsipial əməkdaşlığın alınacağına inanmıram. Hər halda tərəflər növbəti mərhələlərdə də həmin məsələlərin müzakirəsinin açıq saxlanılması üçün razılıq əldə edəcək. Ola bilər yalnız ikinci dərəcəli məsələlərdə razılıq əldə olunsun”. 

Rüfət Sultan