Xəbər lenti

Siyasət 13:20 10.10.2023

Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı mesajları: İran və Ermənistan nə cavab verəcək?

"Antiterror əməliyyatından sonra Zəngəzur dəhlizi məsələsi aktuallaşdığından Ərdoğan da həmin mövzunu dilə gətirib".

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizilə bağlı İrəvan və Tehrana ünvanladığı mesajı şərh edərkən deyib.

Nazim Cəfərsoy bildirib ki, Zəngəzur dəhlizinin açılması birdən-birə baş verməyəcək, proses mərhələli şəkildə olacaq: 



"Qarabağdakı lokal antiterror əməliyyatından sonra növbə iki məsələnin həllinə gəlib çatıb. Bunlar Qazaxın 7 və Naxçıvanın Kərki kəndləri olmaqla anklavlar və Zəngəzur dəhlizi məsələsidir. Yəni mövcud şəraitdə bu iki mövzu aktuallaşıb. Ərdoğan da məhz aktuallaşdığına görə dəhliz mövzusunu dilə gətirib. Türkiyə lideri həm də İrəvanın marağında olan məsələni ortaya qoyaraq deyib ki, Zəngəzur dəhlizini açın, Ankara da onun müqabilində sərhədləri açsın. İrəvan dəhlizi açmadığı təqdirdə isə məsələ İrandan keçən yol vasitəsilə öz həllini tapacaq.  Ərdoğanın Ermənistanla bağlı səsləndirdiyi açıqlama məhz bu mesajdan ibarətdir".

Ekspert qeyd edib ki, Türkiyə liderinin İrana ünvanladığı mesaj isə iki istiqamətlidir:

"Ərdoğan bununla Tehranı da Zəngəzur dəhlizi məsələsində əməkdaşlığa dəvət edir. Digər tərəfdən də İranı Zəngəzur dəhlizinə əngəl olmamağa çağırır. Bununla İrana da mesaj verilir ki, prosesə əngəl olması ona xeyir gətirməyəcək. Bu mənada Ərdoğanın mesajları olduqca düşünülmüş, ağıllı mesajlardır”. 

Qeyd edək ki, Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında Ermənistan və İrana müəyyən mesajlar ünvanlayıb. O, Ermənistan hakimiyyətinə bildirib ki, Zəngəzur dəhlizinin açılması başda olmaqla, verdiyi vədlərə əməl edərsə, bu ölkənin rəhbərliyi ilə mərhələli şəkildə əlaqələri inkişaf etdirməyə hazırdır. İrana mesajında isə Türkiyə lideri onu da regionda sülhün, gələcək siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə birlikdə hərəkət etməyə çağırıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->