"Yunanıstan müdafiə nazirinin bu açıqlaması onu deməyə əsas verir ki, artıq reallaşmaya doğru gedən müəyyən anlaşmalar var".
Bunu Qaynarinfo-ya qçıalmasında hərbi ekspert Üzeyir Cəfərov Afina-Paris-İrəvan-Dehli arasında dördtərəfli hərbi əməkdaşlığın mümkünlüyünü vurğulayan Yunanıstan müdafiə nazirinin fikirlərini şərh edərkən deyib.
"Yunanıstanın Ermənistanda səfərdə olan müdafiə naziri İrəvan-Afina-Paris-Dehli arasında müdafiə sahəsində dördtərəfli əməkdaşlıqdan danışıb. Belə bir əməkdaşlığın yaranmasını mümkün hesab edirəm. Bunun konturları da görünürdü. Ermənistan rəsmilərinin son zamanlar səfər etdikləri ölkələr sırasında məhz Fransa ilə Yunanıstan xüsusi yer tutur. Ermənistan baş nazirinin Fransaya, bu ölkə müdafiə nazirinin İrəvana, ardınca Paşinyanın Afinaya və Yunanıstan müdafiə nazirinin əks istiqamətdə səfərləri onu deməyə əsas verirdi ki, tərəflər arasında artıq reallaşmaya doğru gedən müəyyən anlaşmalar var. Yunanıstan müdafiə naziri hələ bəzi digər ölkələrin adını çəkməyib. Ermənistana dəstək verən ölkələr sırasında İran da var", deyə ekspert bildirib.
Həmsöhbətimiz qeyd edib ki, bu dördtərəfli hərbi əməkdaşlıq regionumuzda sülhün bərqərar olmasına əngəl yaratmağa hesablanıb:
"Yaxın illər üçün bölgəmizə gərginlik vəd edir. Ermənistan revanşist hisslərlə yaşayır. Adı çəkilən ölkələrlə əməkdaşlıq İrəvanı bəzi avantüra və təxribatlara sövq edə bilər".
Ekspert onu da vurğulayıb ki, Azərbaycan belə bir dördtərəfli hərbi əməkdaşlığa qarşı lazımi addımlar atır:
"Hazırda Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdədir. Türkiyə rəsmiləri bir müddət əvvəl Bakıda olublar. Azərbaycan müdafiə nazirinin müavini ərəb ölkələrinin birində müəyyən danışıqlar aparıb. Azərbaycan Silahlı Qüvvələri təcili şəkildə daha da təkmilləşdirilməli, döyüş qabiliyyətimiz artırılmalıdır. Yenisilah-sursatlar alınmalıdır. Bu istiqamətdə işlər görülür. Amma elə səviyyəyə çatmalıyıq ki, İrəvan bu sayaq əməkdaşlıqlardan yan keçsin".
Qeyd edək ki, Ermənistanda olan Yunanıstanın milli müdafiə naziri Nikos Dendias müdafiə sahəsində Ermənistan-Yunanıstan-Fransa-Hindistan dördtərəfli əməkdaşlığı mümkün hesab edib. Ümumiyyətlə, son zamanlar İrəvanın adı çəkilən bu 3 ölkə ilə hərbi sahədə əməkdaşlığı genişlənir. Ermənistan silahları əsasən məhz bu 3 ölkədən alır. Bundan başqa, son bir neçə ayda Ermənistan rəsmilərinin Paris və Afinaya, Yunanıstan və Fransa rəsmilərinin isə İrəvana səfərləri intensivləşib.
Rüfət Sultan
Şərhlər