"Ermənistanın baş naziri Nikol Paşinyan 3 avqust tarixində hökumətin iclasında çıxışı zamanı növbəti dəfə Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirməyə cəhdləri edib".
Bu barədə Qaynarinfo-ya danışan millət vəkili Elman Nəsirov Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Laçın-Ermənistan sərhədində nəzarət məntəqəsi açmasının Ermənistanın təxribatçı siyasətinə verilən məntiqli cavab kimi dəyərləndirib:
"2020-ci ilin noyabr ayının 10-da üçtərəfli sənəd imzalandı və müharibə dayandırıldı. Ondan sonraki müddət ərzində, söhbət 2021-ci ildən gedir, Ermənistan tərəfi milyondan artıq minanı Xankəndinə çatdırdı və oradan da Azərbaycan ərazisinin minalanması prosesi həyata keçirildi. Nəticədə 300-dən artıq Azərbaycan vətəndaşı Ermənistanın apardığı mina terrorunun qurbanı oldu. Sual yaranır ki, müharibə bitib, atəşkəsdir, Ermənistan bu qədər minanı haradan, necə daşıyır, hansı yolla bu qədər hərbi texnikanı, canlı qüvvəni Qarabağa yerləşdirib? Bunun bir yolu var, Ermənistan Laçın dəhlizindən keçməklə bunları edib. Azərbaycanın cavabı da o oldu ki, Laçın nəzarət mənqətəsi qoyulmasa, sülh və əmin amanlıqdan, atəşkəsdən söhbət gedə bilməz. Buraxılış məntəqəsi olmasa, hərbi təxribatlar davamlı şəkildə olacaq. Ermənistanın bu təxribatçı addımlarına cavab olaraq nəzarət buraxılış məntəqəsi yaradıldı. Bunu da Ermənistan tərəfi qəbul etmək istəmir. Çünki nə canlı qüvvə, nə də hərbi texnika, silah-sursat, minalar keçirə bilmirlər. Belə bir vəziyyətdə ermənilər hay -küy saldılar ki, "ay aman Azərbaycan Qarabağdakı ermənilərə qarşı humanitar faicə, blokada siyasəti həyata keçirir”. Onlar "Tır şousu” həyata keçirdilər. Xeyli sayda TIR-ı həmin nəzarət buraxılış məntəqəsi istiqamətində topladılar, Avropa ölkələrinin səfirlərini, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasını çağırdılar ki, Azərbaycan bizə mane olur. Azərbaycan dövlətinin isə bu məsələlərlə bağlı konkret mövqeyi var.
Təklifimiz oldu ki, Ağdam-Xankəndi yolu var, müasir standartlara cavab verir və humanitar yüklərin məhz bu yolla daşınmasını təmin edirik. Amma Ermənistanın məqsədi humanitar məsələlər deyil. Onların məqsədi canlı qüvvə, silah-sursat və minaların daşınmasını həyata keçirməkdir. Bundan başqa, separatçılar "avtobus şousu” göstərdilər. Avtobusları yığıb bizim sərhəd buraxılış məntəqəsi istiqamətində hərəkət etdilər, Azərbaycana təzyiq göstərmək istədilər, beynəlxalq ictimaiyyətdə fikri anti-Azərbaycan istiqamətinə yönəltmək istədilər. Hətta ona nail oldular ki, Fransanın 60 Senatoru Azərbaycan əleyhinə sənəd qəbul etdi. Bunların hamısı siyasi oyunbazlıqdan başqa bir şey deyildi. Amma Azərbaycan dövlətinin ali siyasi rəhbərliyinin və ölkə prezidenti şəxsən cənab İlham Əliyevin qətiyyətli, dəyişməz mövqeyi var. Bu mövqe ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər vətəndaşlarımızdır, onlar da Azərbaycanda digər bütün etnoslar kimi eyni hüquqlara malik olacaqlar. Onların siyası hüquqları və təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək.
Bu bizim daxili işimizdir, heç bir üçüncü dövlət bu məsələyə qarışa bilməz. Bu məqsədlə də Azərbaycanın təşəbbüsü ilə Xocalıda erməni icması ilə ilk görüş keçirilirdi. İkinci görüşə isə erməni icmasının rəhbərliyi və Qarabağdakı separatçılar mane oldular. Amma indi belə fikir var ki, yaxın zamanda Yevlaxda görüş keçiriləcək. Bütün bunlar hamısı ona görə lazımdır ki, sülh müqaviləsi imzalansın. Sülh müqaviləsinin imzalanması reallaşdıqca, bu məsələdə irəliyə addımlar atıldıqca, belə təxribatların sayı artmaqdadır və Laçın buraxılış məntəqəsindəki Ermənistanın siyasi şousunun motivləri məhz bununla bağlıdır".
Röya Kərimli
Şərhlər