Ləğv olunan Azərbaycan Liberal Partiyasının (ALP) keçmiş sədri Əvəz Temirxan pensiyaya çıxıb.
O, Qaynarinfo-ya pensiyasının məbləğini açıqlayıb:
"220 manat sosial pensiya alıram. Bununla dolanmağa çalışıram".
Qeyd edək ki, Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. 1980-1985-ci illərdə Rusiyanın Yaroslavl şəhərində ali təhsil alıb. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışıb. 1991–1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirib.
Əvəz Temirxan 1991-1993-cü illərdə professor Lalə Şövkət tərəfindən yaradılmış "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatının sədr müavini olub. 1993-cü ilin iyul ayından 1994-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikasının Prezident aparatında, Dövlət Katibinin baş köməkçisi vəzifəsində çalışıb.
1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olub. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında sədr seçilib.
2024-cü il növbədənkənar parlament seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olmaq istəsə də, bəzi problemlərlə qarşılaşıb və bu səbəbdən Azərbaycan Xalq Partiyası sıralarına qoşulmadan partiyanın həmin seçki dairəsi üzrə deputatlığa namizədi olub.
Bahar Rüstəmli
Şərhlər