Siyasət 15:50 10.02.2023

Faciəsini unudan millət var olmur...

Tarix boyu xalqlar bir-biri ilə savaşıb və bu savaşlar nəticəsində onların millət kimi formalaşması prosesi baş verib.
 
Azərbaycan da coğrafi mövqe baxımından hər zaman savaş etmək məcburiyyətində qalıb. Torpaqlarının münbitliyi, iqlimi, mövqeyi işğalçıları hər zaman cəlb etdiyi üçün savaşlar da qaçılmaz olub. Xalqımız üçün ən faciəvi anlaşma kimi Türkmənçay muqaviləsinin imzalanmasına səbəb olan Rusiya-İran müharibəsi də bu səbəbdən gerçəkləşmişdir. Bu müqavilə bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüz, yırtıcılıq idi. Artıq həmin tarixdən iki əsrə yaxın zaman keçsə də, Azərbaycan xalqı bu parçalanmanı qəbul etmir, əksinə birləşəcəyi günü səbirsizliklə gözləyir. Hətta sovet hökuməti qurulduqdan sonra o taylı-bu taylı əlaqələri tamamilə kəsməyə çalışsa da, bu xalq keçmişini heç vaxt unutmadı. Bu gün bir millət olaraq, mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman faciələrimizi bilməli və dərs almalıyıq. Faciəsini unudan millət var olmur.
 
Azərbaycan xalqı hər zaman keçmişini xatırlayaraq, gələcək addımlarını müəyyənləşdirməlidir. Keçmişimizdən dərs alaraq, yaşadacağımız düşüncə məhz "Butöv Azərbaycan" ideyası olmalıdır. İllərdir, "Bütöv Azərbaycan" düşüncəsi sadəcə bir xəyal olaraq bilinirdisə, bu gün artıq dövlət səviyyəsində dilə gətirilir. Bu da tarixi irredentizmin gerçəkləşməsini sürətləndirir.

195 il öncə 10 fevral günü imzalanmış bu mənfur anlaşmanı pisləyir, qəbul etmir və tarixi ədalətsizliyin ən qısa zamanda bərpa ediləcəyinə inanırıq.
 
Fil.ü.f.d. Aynur Qəzənfərqızı
AY Partiya Başqanının müavini