Xəbər lenti

FIFA Rusiya komandalarına qoyulan qadağanın ləğvini müzakirə edəcək - KİV
İdman 09:36 08.07.2026

FIFA Rusiya komandalarına qoyulan qadağanın ləğvini müzakirə edəcək - KİV

Beynəlxalq Futbol Federasiyası (FIFA) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya Olimpiya Komitəsi ilə bağlı qəbul etdiyi yeni qərardan sonra Rusiya komandalarına tətbiq olunan qadağanın gələcək taleyini rəsmi şəkildə müzakirə edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına başlamasından sonra FIFA və UEFA Rusiya komandalarını beynəlxalq yarışlardan kənarlaşdırmışdı. Həmin vaxtdan etibarən Rusiya yığmaları və klubları beynəlxalq turnirlərdə iştirak etmirlər.

"Sky News"un məlumatına görə, BOK iyulun 7-də Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılması barədə qərarı ləğv edib. Bildirilir ki, bu qərar Rusiya idmançılarının və komandalarının gələcəkdə beynəlxalq yarışlara qayıtması ilə bağlı müzakirələrə təsir göstərə bilər.

Bununla yanaşı, nəşrin iddiasına görə, BOK beynəlxalq idman federasiyalarına Rusiya komandalarının yarışlardan kənarlaşdırılması ilə bağlı əvvəlki tövsiyələrini də geri götürüb.

FIFA məsələ ilə bağlı açıqlamasında bildirib: "FIFA BOK-un Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılması barədə qərarın ləğvi ilə bağlı qərarı haqqında məlumatlandırılıb. FIFA maraqlı tərəflərlə koordinasiya şəraitində növbəti addımları müəyyənləşdirməzdən əvvəl bu qərarı təhlil edəcək".

Rusiya kişilərdən ibarət milli komandası futbol üzrə 2022 və 2026-cı il dünya çempionatlarının seçmə mərhələlərindən, qadınlardan ibarət milli komanda isə 2023-cü il dünya çempionatından kənarlaşdırılmışdı. Bu qərar bir sıra Avropa futbol federasiyalarının Rusiya yığmalarına qarşı oyun keçirməkdən imtina etməsindən sonra qəbul edilmişdi.

"Sky News" xatırladır ki, FIFA prezidenti Canni İnfantino hələ fevral ayında Rusiya komandalarının beynəlxalq yarışlara qaytarılması məsələsinin nəzərdən keçirilməli olduğunu bildirmişdi. Onun sözlərinə görə, tətbiq olunan qadağa gözlənilən nəticəni verməyib və yalnız narazılıqla qarşıdurmanı daha da artırıb.

Bundan əvvəl FIFA Rusiyanın 15 yaşadək futbolçulardan ibarət yığmasına oktyabr ayında Azərbaycanda keçiriləcək gənclər arasında dünya çempionatında iştirak etməyə icazə vermişdi.

Eyni zamanda vurğulanır ki, BOK yekun qərarın qəbulunu ayrı-ayrı beynəlxalq idman federasiyalarının səlahiyyətində saxlayıb. Buna görə də Rusiya komandalarının yarışlara qaytarılması ilə bağlı qərarlar hər idman növü üzrə ayrıca qəbul ediləcək.

BOK İcraiyyə Komitəsi 2023-cü il oktyabrın 12-dən qüvvədə olan Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılması barədə qərarı ləğv edib.

Qərar 2026-cı il iyulun 7-dən qüvvəyə minib. BOK-un Hüquq Komissiyası belə qənaətə gəlib ki, Rusiya Olimpiya Komitəsinin tərkibində artıq Ukrayna Milli Olimpiya Komitəsinin yurisdiksiyasına aid ərazilərdə fəaliyyət göstərən regional idman təşkilatları yoxdur.

Bununla yanaşı, BOK zəruri hesab etdiyi halda gələcəkdə məhdudiyyətləri yenidən tətbiq etmək hüququnu özündə saxladığını bildirib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->